Naxçıvan Dövlət Universitetində 2016-2017-ci tədris ilinin birinci semestrinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq universitetin sona çatmaqda olan semestr ərzində tədris, beynəlxalq əlaqələr, tələbə mübadiləsi, maddi-texniki bazanın gücləndirilməsi, idman, incəsənət sahəsində qazandığı çoxsaylı uğurlardan danışıb.
Ali təhsil müəssisəsinin İqtisadiyyat kafedrasının müəllimi İsmayıl Bağırov Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birgə təşkil edilən “Vergilər” mövzusunda onuncu olimpiadadan danışıb. Bildirib ki, ölkənin 15 ali məktəbinin 300-dək tələbə və magistrantının iştirak etdiyi olimpiadada universitetin bir tələbəsi qələbə qazanıb, digər 2 təmsilçimiz isə III yerə layiq görülüb.
Universitetin Tələbə İdman Klubunun sədri, dosent Məmmədəli Rəhimov tələbələrin fiziki tərbiyə və idman sahəsində qazandığı uğurları tədbir iştirakçılarının diqqətinə çatdırıb, cari tədris ilində I kurs tələbələri arasında idmanın 6 növü üzrə 10 fakültə arasında keçirilən seçmə yarışlardan bəhs edib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin qızlardan ibarət voleybol komandası Naxçıvan şəhər birinciliyinin qalibi olub. Tələbə idmançılarımız idmanın boks, peyntbol, yüngül atletika növləri üzrə muxtar respublika birinciliyinin qalibi, II və III yerlərin sahibi olublar. Tələbələr Əməkdar idman ustası, SSRİ-nin Əməkdar məşqçisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında boks üzrə ənənəvi beynəlxalq turnirdə, Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetinin təşkil etdiyi beynəlxalq turnirdə, respublika səviyyəli yarışlarda da universiteti layiqincə təmsil ediblər.