Dünən “Naxçıvan” Universitetinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə “31 oktyabr Beynəlxalq Əmanət Günüdür” mövzusunda konfrans keçirilib. Universitetin İdarəetmə fakültəsində keçirilən konfransı giriş sözü ilə ali məktəbin rektoru, professor İsmayıl Əliyev açaraq bu günün əhəmiyyətindən danışıb.
Konfransda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi, universitetin İdarəetmə kafedrasının müəllimi Tural Şirəlizadənin “Bank əmanətlərinin ölkə iqtisadiyyatında rolu”, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərovun “Bank əmanətlərinin vergiyə cəlb olunmasının dünya təcrübəsi və Azərbaycanda tətbiqi mexanizmləri”, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekan müavini Naim Cahidzadənin “Bank əmanətlərinin sığortalanmasının əhəmiyyəti” mövzularında çıxışları olub. Çıxışlarda bildirilib ki, Beynəlxalq Əmanət Günü ilk dəfə 1924-cü ilin oktyabr ayında İtaliyanın Milan şəhərində 29 ölkənin nümayəndələrinin Beynəlxalq Konqresində qeyd olunub. Hazırda bu tədbir bütün inkişaf etmiş dünya dövlətlərində, o cümlədən Azərbaycanda da qeyd edilir. Beynəlxalq Əmanət Gününün qeyd olunması və Maliyyə savadlılığı aylığı ərzində müxtəlif maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsəd əhalinin iqtisadi və maliyyə məsələləri üzrə məlumatlılığının artırılmasından ibarətdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Nuray Əsgərova