Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamına uyğun olaraq dekabrın 7-də Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan tələbələr Naxçıvan Şəhər Birinci Dövlət Notariat Kontorunda, Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində, Naxçıvan Şəhər İcra Bölməsində, Naxçıvan Bələdiyyəsində iş prosesi ilə tanış olublar.
Naxçıvan Bələdiyyəsində Ümumi və Vergi şöbələrinin gündəlik iş prosesi ilə tanış olan Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələrinə Ümumi şöbəyə daxil olan sənədlərin qeydiyyatı, işlənməsi, rəsmiləşdirilməsi və göndərilməsi qaydaları, qeydiyyat jurnallarının işlənməsi, Vergi şöbəsində isə torpaq və əmlak vergisinin hesablanması qaydası, bildirişlərin yazılması, paylanılması proseduru, habelə vergi ödəyicilərinin qeydiyyatının aparılması barədə ətraflı məlumat verilib.
Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr həmin gün Naxçıvan Şəhər Birinci Dövlət Notariat Kontorunda, Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində, Naxçıvan Şəhər İcra Bölməsində olublar. Onlara notariat və qeydiyyat əməliyyatlarının aparılması – notariat orqanlarında əqdlərin və etibarnamələrin təsdiq edilməsi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi, sənədlərin surətlərinin və sənədlərdə çıxarışların düzgünlüyünün təsdiq edilməsi, qeydiyyat orqanlarında doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürülmənin, ölümün qeydiyyatının aparılması, məhkəmə qərarlarının icrasının təmin edilməsi barədə məlumat verilib. Bundan başqa, tələbələr məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə olunmuş digər orqanların aktlarının icrasının həyata keçirilməsi haqda da məlumatlandırılıblar.
Dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin imzaladığı sərəncamdan irəli gələn vəzifələr nazirlikdə müzakirə olunub, bununla bağlı nazirliyin və Naxçıvan Dövlət Universitetinin birgə tədbirlər planı təsdiq edilib. Universitetin müvafiq ixtisaslar üzrə tələbələri nazirlikdə və bələdiyyələrdə təcrübə kursları keçirlər.
Suliddin Əliyev deyib ki, bu təcrübələr gələcəkdə müxtəlif qurumlarda çalışacaq gənclərin səmərəli fəaliyyətinə müsbət təsir edəcək.
Nazirliyin bugünkü fəaliyyət istiqamətləri barədə də danışan Suliddin Əliyev vurğulayıb ki, hazırda nazirliyin strukturuna Penitensiar Xidmət, Məhkəmə Ekspertizası Mərkəzi, icra xidməti, notariat və qeydiyyat qurumları, Bələdiyyələrlə İş Mərkəzi və digər şöbə, bölmələr daxildir.
Diqqətə çatdırılıb ki, həmin qurumların bəzilərinin praktik işi ilə yaxından tanış olan tələbələrlə növbəti görüşlər nazirliyin digər xidmət sahələrində təşkil ediləcək, belə görüşlər onların bu sahə üzrə nəzəri biliklərinin praktik şəkildə mənimsənilməsinə imkan yaradacaq.
Ədliyyə Nazirliyinə daxil olan ayrı-ayrı qurumların fəaliyyəti ilə bağlı ətraflı məlumat verən Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Emin Səfərov qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi hüquq və bələdiyyə sahəsində də bilikli, həmçinin öz ixtisasına dərindən yiyələnən gənc kadrların hazırlanmasında mühüm rol oynayır.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev yekun vurub.
Xəbərlər şöbəsi