Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən, Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası Daxili İşlər Nazirliyinin hamiliyinə verilib. Həmin ixtisasda təhsil alan IV kurs tələbələri Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində, İstintaq və Təhqiqat, Pasport, Qeydiyyat və Miqrasiya, Mühafizə şöbələrində və Kriminalistik Tədqiqatlar Bölməsində adıçəkilən qurumların iş prosesi ilə tanış olublar.
Onlara yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, cinayət işlərinin istintaqı, hadisə yerinin müayinəsi, itkin düşmüş şəxslərin və naməlum meyitlərin şəxsiyyətinin müəyyən olunmasında DNT tədqiqatının imkanlarından istifadə qaydaları, kriminalistik vasitələrdən istifadə, biometrik pasportların verilməsi və mülkiyyətin mühafizəsi qaydaları izah edilib.
Tələbələrlə görüşdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov bildirib ki, son illərdə muxtar respublikada qanunçuluğun, ictimai asayişin qorunması üçün müxtəlif tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, regionda cinayətlərin sayı kəskin şəkildə azalıb. Naxçıvan şəhərində, eləcə də muxtar respublika ərazisində quraşdırılmış müşahidə kameraları vasitəsilə həm yol-nəqliyyat hadisələrini, həm də baş verən istənilən cinayət hadisəsini qısa müddətdə aşkarlamaq mümkündür.
Nazirliyin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Əli Tağıyev tələbələrə idarənin funksiyaları haqqında məlumat verərək bildirib ki, qurumun funksiyalarına informasiya-analitik işin aparılması, kompleks qərarların və cari planlaşma layihələrinin perspektivliyinin işlənib hazırlanması, əməliyyat şəraitinə nəzarət edilməsi, əməliyyat-xidməti qərarların hazırlanması və sair daxildir. Əli Tağıyev son illərdə muxtar respublikada cinayətkarlığın azaldılması üçün aparılan profilaktik tədbirlərdən də bəhs edib.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov tələbələrə nazirlikdə yerləşən “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Sistemi otağında kameraların işləmə rejimi haqqında əyani surətdə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.
Xəbərlər şöbəsi