Ümumtəhsil məktəblərində təhsilin səviyyəsini yüksəltmək məqsədilə keçirilən sinifdənxaric və məktəbdənkənar tədbirlər mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərdən biri də fənn olimpiadalarıdır.
Fənn olimpiadaları şagirdlərdə özünəinam hissini formalaşdırır, onların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarını aşkara çıxarır, şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulunun daha yüksək səviyyədə olmasına zəmin yaradır, təhsildə sağlam rəqabəti təmin edir. Fənn olimpiadaları Azərbaycan dili, xarici dil, riyaziyyat, fizika, kimya və biologiya fənləri daxil olmaqla VII-XI siniflər arasında təşkil olunur. Olimpiada iki mərhələdən – rayon və respublika mərhələlərindən ibarətdir. Naxçıvan Muxtar Respublikasında da fənn olimpiadalarının keçirilməsində zəngin təcrübə toplanılıb. Hər il adıçəkilən fənlər üzrə olimpiadaların keçirilməsi diqqət mərkəzində saxlanılır.
Cari tədris ilində ilk olimpiada dekabr ayının 10-da keçirilib. Muxtar respublikanın bütün şəhər və rayon mərkəzlərində keçirilən olimpiadanın birinci mərhələsində Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə 282, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə 171, Babək rayon Hacıvar kənd tam orta məktəbində 130, Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbdə 124, Culfa şəhər 2 nömrəli tam orta məktəbdə 101, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə 80, Kəngərli rayon Xok kənd tam orta məktəbində 90, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə 40 şagird olmaqla, ümumilikdə, 1018 şagirdin iştirakı təmin edilib. Bu mərhələdə şagirdlərə 20 qapalı və 10 açıqtipli olmaqla, ümumilikdə, 30 test sualını cavablandırmaq üçün 2 saat vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, dekabrın 20-dək birinci mərhələdə qalib gələn şagirdlərin adlı siyahısı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yaradılmış təşkilat komitəsi tərəfindən dəqiqləşdiriləcək və onlar muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Yanvar ayının ikinci bazar günü keçiriləcək olimpiadanın respublika mərhələsində münsiflər heyəti tərəfindən tədris proqramına əsasən, 20-30 açıq test təqdim olunacaq. Olimpiadanın final mərhələsində qalib gələn şagirdlər muxtar respublika təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Xəbərlər şöbəsi