Bu günlərdə “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Rəcəb Cəfərli və Nicat Yaqubov Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində təşkil olunmuş təhsil sərgilərində iştirak ediblər. Türkiyənin “Akare” təhsil sərgiləri firmasının təşkilatçılığı ilə keçirilən sərgiyə Türkiyədəki konsulluqların, dünyanın bir çox ölkəsindən olan universitet və institutların nümayəndələri, eləcə də Amerika və Avstriyadan gəlmiş bir sıra qonaqlar qatılıblar. Sərgidə “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil etdiyi ali təhsil ocağının bakalavr, magistr, doktorantura proqramları, ödənişləri və yataqxanası haqqında məlumat verib.
Tədbirdə universitetin tanıtımı üçün hazırlanmış videoçarx və universitet haqqında geniş məlumatı əks etdirən slayd nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb, universitetin tanıtımı üçün hazırlanmış materiallar sərgilənib. Sərgidə “Akademiya” xaricdə təhsil agentliyinin rəhbəri Esma Bunjaku ilə görüş keçirilib və universitetə Kosovadan tələbələrin cəlbi və bu istiqamətdə agentliklə əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparılıb. Onu da bildirək ki, Türkiyənin “ATV” kanalında sərgi ilə əlaqədar universitet haqqında məlumat yayımlanıb.
Nuray ƏSGƏROVA