AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun 2016-cı ilə olan hesabat tədbirini bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev il ərzində adıçəkilən elm müəssisəsində görülən işlərdən danışıb. Bildirib ki, 2016-cı ilin elmi-tədqiqat işlərinin planına əsasən, 1 prоblem üzrə 1 mövzunu əhatə edən 5 iş 16 mərhələdə yerinə yetirilib.
Qeyd olunub ki, hesabat dövründə nəşr olunan monoqrafiya və kitabların sayı artıb, elmi əsərlərin keyfiyyət və kəmiyyətinə ciddi fikir verilib. Əgər 2015-ci ilin hesabat dövründə əməkdaşların 151 elmi əsəri nəşr olunmuşdusa, 2016-cı ilin hesabat dövründə onların 158 elmi əsəri çap edilib. 2015-ci ildə 3 monoqrafiya, 3 kitab nəşr olunubsa, bu il bu rəqəm də artıb. Belə ki, hesabat ilində 1-i xaricdə olmaqla, 8 monoqrafiya və 5 kitab çap olunub. Haliyədə isə 5 monoqrafiya çapa hazırlanır. Cari ildə 10 əməkdaşın müxtəlif mətbuat orqanlarında 109 qəzet məqaləsi dərc olunub. Əsərlərdən 23-ü xaricdə çapdan çıxıb. Həmin əsərlərdən 13-ü xaricdə olmaqla, 59-u beynəlxalq kodlu jurnallarda işıq üzü görüb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə institutun Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi kompleks elmi-tədqiqat işlərinin qrant layihələri müsabiqəsində “Azərbaycançılıq ideologiyası işığında Naxçıvan ədəbi mühiti, folkloru, dialekt və şivələri və yer adlarının toplanması, kompleks tədqiqi və nəşri” mövzusundakı layihəsi qalib gəlib. İnstitutun təsis etdiyi “Axtarışlar” jurnalının il ərzində 4 nömrəsi işıq üzü görüb, nəşrin ardıcıllığı təmin edilib.
Bildirilib ki, illik hesabat dövründə institutun 14 əməkdaşı 7-si xaricdə olmaqla, 20 beynəlxalq əhəmiyyətli elmi konfransda iştirak edib. İnstitutla Türkiyənin İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu arasında qarşılıqlı əməkdaşlıq edilməsi istiqamətində protokol imzalanması haqqında razılıq əldə olunub.
Tədbirdə bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun il ərzində həyata keçirdikləri işləri yüksək qiymətləndirib, əldə olunan göstəriciləri qənaətbəxş hesab ediblər.
Tədbirdə 2016-cı ildə institut əməkdaşlarının elmi fəaliyyətlərini əks etdirən videogörüntü və elmi nəşrlərdən ibarət sərgi nümayiş olunub.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi