Naxçıvan Dövlət Universitetində 2016-2017-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin yekun konfransı keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransda bildirib ki, pedaqoji təcrübə təhsil müddətində qazanılan nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsi, müəyyən peşə vərdişlərinə yiyələnmək məqsədi daşıyır.
Təcrübə dövründə metodistlərin, müəllimlərin və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən rektor universitetdə ixtisaslı pedaqoji kadr hazırlığı prosesində ali və orta məktəblərin müntəzəm əməkdaşlığına, nəzəri bilik və təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırıb.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid “Pedaqoji təcrübə dövründə görülmüş işlər” adlı məruzəsində 2016-2017-ci tədris ilində Naxçıvan Dövlət Universitetində pedaqoji təcrübələrin tədris planına, Təhsil Nazirliyinin təsdiqlədiyi təlimatlara, proqramlara uyğun şəkildə aparıldığını, pedaqoji ixtisaslarda təhsil alan tələbələrin bu müddətdə ali məktəbin əməkdaşlarının, eləcə də tam orta məktəblərin qabaqcıl müəllimlərinin rəhbərliyi altında nəzəri biliklərini məktəblərdə keçirilən təcrübələrdə layiqincə tətbiq etdiklərini bildirib.
Qeyd olunub ki, 2016-2017-ci tədris ilinin birinci semestrində universitetin əyani şöbəsinin 6 fakültə üzrə 17 ixtisasda təhsil alan 403 tələbəsi Naxçıvan şəhərindəki 15 tam orta məktəbdə və Babək rayonunun Şıxmahmud, Kərimbəyli kənd tam orta məktəblərində pedaqoji təcrübədə olub.
Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev muxtar respublikada təhsilin inkişafına göstərilən qayğıdan, yüksəkkeyfiyyətli pedaqoji kadr hazırlığı işindən danışıb, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransda Ümumi tarix kafedrasının dosenti İsmayıl Zeynalov “Metodistlərin təcrübəçi tələbələrlə apardıqları işlər və hazırlanmış sənədlər”, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Vahid Rzayev “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görülmüş işlər” mövzularında məruzələr ediblər. Konfransda 2016-2017-ci tədris ilinin birinci semestrində keçirilən pedaqoji təcrübəni əks etdirən slaydlar nümayiş olunub.
Nərmin CABBAROVA