Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan dili və riyaziyyat fənlərinə həsr olunan seminar keçirilib.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən seminara TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin əhatə etdiyi şəhər və rayonların ümumtəhsil müəssisələrinin müvafiq fənn müəllimləri qatılıblar.
Plenar iclasda çıxış edən Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2017-ci ildə mərkəz tərəfindən ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir dünyada müşahidə olunan inkişaf tendensiyaları bir çox sahələrin, o cümlədən təhsilin və onun fəlsəfəsinin dəyişilməsini zərurətə çevirib. Bu gün artıq “yaddaş məktəbi”ndən “təfəkkür məktəbi”nə keçilib. Təhsilin məzmununun yeni standartlar əsasında formalaşdırılması məqsədilə 2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları – kurikulumlar tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Təbii ki, yeni təhsil proqramlarının tətbiqi ilə təhsil alan şagirdlərin bacarıqlarının ölçülməsi aktual məsələyə çevrilib. Bu ehtiyacın aradan qaldırılması məqsədilə görülən işlərə TQDK-nın Əsasnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli Fərmanı güclü təkan verib. Həmin fərmanla TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olunub.
Şura sədri qeyd edib ki, TQDK fərmandan irəli gələn məsələləri yerinə yetirmək üçün 2013-cü ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində monitorinq imtahanları keçirib. Monitorinq imtahanlarının nəticələri üzərində aparılan elmi-tədqiqat işləri əsasında yazı işlərinin, eləcə də esselərin qiymətləndirilməsi prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi hazırlanıb. Bu mexanizm artıq 4 ildir tətbiq edilir. Hazırda IX sinifdə təhsil alanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır.
“Bu şagirdlərin buraxılış imtahanları iki mərhələdə keçiriləcək. Birinci mərhələnin fevral-mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur. Azərbaycan dili və riyaziyyat fənlərindən açıq test tapşırıqları tətbiq olunacaq”, – deyən Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək. Pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq yeni qaydalarla tanış olması məqsədilə Gəncə, Şirvan və Şəki şəhərlərində seminarlar keçirilib. Müəyyən olunmuş qrafik üzrə Lənkəran, Xaçmaz, Ağcabədi və Göyçayda bölgə seminarları təşkil ediləcək. Yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı proqramları, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları, tapşırıq nümunələri və onların qiymətləndirmə meyarları nəşr olunacaq. Həmçinin həmin fənlərdən respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.
Bildirilib ki, yeni qaydalara əsasən, birinci mərhələdə qiymətləndirmə müəyyən qədər vaxt aparacaq. Çünki yazı işləri marker-müəllimlər tərəfindən yoxlanılacaq. Yoxlama elə aparılacaq ki, qiymətləndirməyə hər hansı kənar təsir olmasın. Aparılan monitorinq imtahanlarında artıq bu texnologiya tətbiq edilib. Təkcə bu il IX sinifdə təhsil alan 113 min şagirddən 60 mindən çoxu həmin imtahanlara cəlb olunub. VIII sinifdə oxuyan 50 min şagird də V-VI siniflərdən monitorinq imtahanlarına qatılıb.
Tədbirdə 2016-cı ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında istifadə edilən test tapşırıqları, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanan dərsliklər barədə də söhbət açılıb, suallar cavablandırılıb.
Plenar iclasdan sonra seminar işini bölmə iclaslarında davam etdirib.
Rauf Əliyev