Hazırda bütün dünya ölkələrində rəqabətqabiliyyətli məhsul istehsalı və davamlı iqtisadi artımın təmin olunması əsas məsələlərdən biridir. Bu məsələnin həlli isə yalnız insan resursları hesabına həyata keçirilir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, dünya ölkələrində son illərdə iqtisadi artımın 60 faizdən çoxu insan kapitalı hesabına baş verir. Qərb ölkələrində aparılan tədqiqatlara görə, inkişaf etmiş ölkələrdə insan kapitalına qoyulan investisiyaların gəlirlilik səviyyəsi digər amillərdən gələn qazancı iki dəfədən artıq üstələyir. Bu fakt cəmiyyətin inkişafında insan kapitalının hansı rola malik olduğunu aydın göstərir. Odur ki, insan kapitalının inkişafı, onun potensialının yüksəldilməsi hər bir dövlətin başlıca vəzifələrindən biridir.
İnsan kapitalının inkişafına səbəb olan amillərin içərisində isə ən əsas yeri insanların təhsilinə, o cümlədən peşə təhsilinə yönəldilən investisiyaların səmərəliliyi təşkil edir. Çünki əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların hazırlanmasında peşə təhsilinin də mühüm rolu var. Qeyd edək ki, ölkəmizdə peşə təhsilinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusilə ulu öndərin respublikamıza rəhbərlik etdiyi ilk dövrlərdə texniki-peşə təhsili sistemi sürətlə inkişaf etməyə başlayıb. Həmin dövrdə elmi-texniki tərəqqinin uğurlu nəticəsi olan fabrik və zavodların fəaliyyəti müxtəlif peşə ixtisaslarına malik böyük potensiala ehtiyac yaradırdı.
Məhz buna görə də görkəmli dövlət xadimi peşə təhsilinin inkişafını çox əhəmiyyətli hesab edərək, hələ o dövrdə hər hansı bir iri müəssisənin istifadəyə verilməsindən əvvəl həmin müəssisə üçün ixtisaslı işçi qüvvəsi hazırlaya bilən texniki-peşə məktəbinin yaradılmasına önəm verirdi. Təsadüfi deyil ki, o zaman Azərbaycanda kondisioner, şin, büllur və çini qablar, xalça və digər məhsullar istehsal edən böyük müəssisələrin yaranması ilə paralel olaraq onlar üçün peşə-ixtisas kadrları hazırlayan texniki-peşə məktəbləri kompleksləri də tikilib istifadəyə verilmişdi. Bundan əlavə, 1969-cu ildən başlayaraq respublikada fəaliyyət göstərən texniki-peşə məktəblərində peşə təhsili ilə yanaşı, orta təhsil almaq imkanı da yaradılmışdı.
Müstəqilliyimizin ilk illərində təhsilin başqa sahələrində olduğu kimi, peşə təhsilində də ciddi problemlər yaranmışdı. O dövrdə texniki-peşə təhsili müəssisələri baxımsızlıq ucbatından bərbad vəziyyətdə idi. Ulu öndərin hakimiyyətə yenidən qayıdışı başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni dövrün başlanğıcını qoydu. 1999-cu ildə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” texniki-peşə təhsili sahəsində də əsaslı dönüşün yaradılması üçün yeni imkanlar açdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” isə peşə təhsili islahatının gedişini daha da sürətləndirdi, yeni peşələr üzrə kadr hazırlığına diqqət artırıldı.
Müstəqilliyin ilk illərində peşə təhsilinə maraq, demək olar ki, azalmışdı. Lakin ölkəmizin sürətli inkişafı, yeni iş yerlərinin açılması, zavod və fabriklərin işə salınması bu sahəyə olan marağı tədricən artırdı. Texniki-peşə təhsilinin inkişafı üçün qəbul edilmiş dövlət proqramı ilə yanaşı, ölkənin inkişafına xidmət edən digər proqramların icrası da bu sahənin inkişafına təkan verdi. Bütün çətinliklərə baxmayaraq, texniki-peşə təhsilinin inkişafı sahəsində yeni mütərəqqi meyillər yaranmağa başladı.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm addımlar atılıb. Regionun gələcək inkişafının etibarlı zəmanəti kimi muxtar respublikada peşə təhsili şəbəkəsinin genişləndirilməsinə nail olunub. Belə ki, hazırda muxtar respublikada Naxçıvan, Şərur və Ordubad Texniki-Peşə və Sürücülük məktəbləri, Naxçıvan Şəhər Peşə Liseyi, Regional Peşə Tədris Mərkəzi kimi peşə təhsili verən müəssisələr fəaliyyət göstərir. Bu peşə təhsili müəssisələri muxtar respublikada aparılan quruculuq tədbirlərindən öz payını alaraq müasir tələblərə cavab verən yeni binalarda fəaliyyət göstərirlər. Belə məktəblərdə gənclərin təhsil alması, müxtəlif peşələrə yiyələnməsi üçün hərtərəfli şərait yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi peşə təhsili müəssisələrində tədrisin yüksək keyfiyyətlə, eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq keçirilməsində böyük rol oynayır. Bundan əlavə, muxtar respublikada sahibkarlığa göstərilən dövlət dəstəyi hesabına hər il yerli istehsal müəssisələrinin sayının artması və nəticədə, dayanıqlı iqtisadi inkişafın təmin olunması müxtəlif peşə təhsilli kadrlara olan ehtiyacı da artırır. Bunun nəticəsidir ki, son illərdə bu sahəyə olan maraq artır, nəticədə, məşğulluq məsələlərinin həlli yerli kadrların işlə təmin olunması hesabına təmin edilir. Təkcə 2015-2016-cı tədris ilində muxtar respublikada peşə təhsili müəssisələrini 604 məzun bitirib və onların böyük əksəriyyəti öz peşəsinə uyğun işlə təmin olunub. Məlumat üçün bildirək ki, cari ilin oktyabr ayında Naxçıvan Şəhər Peşə Liseyindən 37, Şərur Texniki-Peşə və Sürücülük Məktəbindən 18, Ordubad Texniki-Peşə və Sürücülük Məktəbindən 40 müdavim Qazanxana maşinisti peşəsi üzrə, Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbindən isə sürücülük kursu üzrə 92 müdavim təhsillərini başa vurublar. Hazırda Naxçıvan Şəhər Peşə Liseyində 79, Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində 427, Şərur Texniki-Peşə və Sürücülük Məktəbində müxtəlif peşələr üzrə 29, Ordubad Texniki-Peşə və Sürücülük Məktəbində isə müxtəlif ixtisaslar üzrə 158 müdavim təhsilini davam etdirir. Naxçıvan şəhərindəki Regional Peşə Tədris Mərkəzində isə 21 nəfər Dayə, 12 nəfər Bərbər (cəzaçəkmə müəssisəsində), iki bölmədə olmaqla, 48 nəfər Qazanxana maşinisti, 10 nəfər müdavim isə Qazanxana avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə təhsil alır. Rəqəmlərdən də göründüyü kimi, muxtar respublikada peşə təhsili verilən məktəblərdə ehtiyac duyulan sahələr üzrə əmək bazarının tələbatına uyğun olaraq müxtəlif peşələr üzrə kadrlar hazırlanır.
Peşə təhsili müəssisələrinin fəaliyyətinə böyük önəm verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Peşəkar kadrlar yalnız ali və orta ixtisas təhsili müəssisələrində hazırlanmır. Bu məsələdə peşə təhsilinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırıb. Bu səbəbdən son illər peşə təhsilinin məzmunu tamamilə yeniləşib, peşə tədrisi müəssisələrinin maddi-texniki bazası gücləndirilib. İqtisadiyyatın çoxşaxəli inkişafı, yeni peşə və sənət sahələrinin yaranması özü ilə bərabər, ixtisaslı kadrlara olan tələbatı da artırır. Artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilib”.
Təcrübə göstərir ki, texniki-peşə təhsili bütövlükdə təhsil sisteminin mühüm bir sahəsi olmaqla, cəmiyyətin inkişafında fərdlərin iştirakını təmin edir, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real köməklik göstərir. Elə buna görədir ki, hazırda peşəkar kadr hazırlığının kəmiyyət və keyfiyyətcə bazar iqtisadiyyatına uyğunlaşması, peşə hazırlığının müntəzəm təhsillə əlaqələndirilməsi, peşəyönümü fəaliyyətin gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Ölkə başçısı cənab İlham Əliyev bu sahənin vacibliyinə diqqət çəkərək deyib: “İnkişaf etmiş ölkələrdə texniki-peşə məktəbini bitirən insanlar çox böyük imkanlara malik olur, çox yaxşı maaşla təmin olunurlar. Nəzərə alsaq ki, indi Azərbaycanda sənaye sahəsində maaşlar humanitar sahədə olan maaşları üstələyir və yəqin ki, gələcəkdə bu ənənə davam edəcək, bu sahəyə çox böyük diqqət göstərməliyik”.
Bəli, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda sosial-iqtisadi sahələrdə nailiyyətlər qazanmağın əsas yolu əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasıdır. Belə kadrların hazırlanması isə, ilk növbədə, təhsildən, o cümlədən peşə təhsilindən asılıdır. Məhz bu baxımdan peşə təhsilinə qoyulan investisiya insan kapitalına qoyulan investisiya kimi dəyərləndirilir.
Səbuhi Həsənov