“Müstəqilliyimiz haqqında hamı böyük iftixar hissi ilə danışır... Müstəqilliyi möhkəmləndirmək üçün xalqımızın, millətimizin qədim tarixini, keçdiyi yolu elmi surətdə tədqiq edib əsərlər, illüstrativ materiallar, kinolentlər yaratmaq, bunu həm öz xalqımıza, həm də bütün dünya xalqlarına göstərmək lazımdır”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu fikirləri müstəqillik dövrü tarixinin tədqiqi ilə məşğul olan hər bir elm adamı üçün yol göstəricisidir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin yeni çapdan çıxmış “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı əsəri məhz bu müdrik fikirlərin işığında yazılan və doğma diyarın müasir dövr tarixinə kompleks yanaşmanı ortaya qoyan fundamental monoqrafiyadır. Əsərin yazılması həm də müstəqillik haqqında fundamental tədqiqatların ortaya çıxarılması zərurətindən irəli gəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyindəki nitqində müstəqilliyin 25 illik yubileyi ilə bağlı ayrıca əsərlərin yazılması zərurətini xüsusi vurğulamışdır.
Bu mənada, akademik İsmayıl Hacıyevin yeni çapdan çıxmış “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı monoqrafiyasını müstəqilliyin 25 illik yubileyinə Naxçıvan elminin töhfəsi də adlandırmaq olar. Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasının tarixinə həsr edilmiş kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Fəxrəddin Səfərli, tarix elmləri doktoru, professor Oktay Sultanov və tarix elmləri doktoru Ədalət Qasımovdur. Ciddi mənbələrə, arxiv materiallarına, hüquqi sənədlərə əsaslanmaqla yazılan əsərdə müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasının keçdiyi yol müfəssəl şəkildə işıqlandırılmış, müstəqilliyimizin təməl prinsiplərinin Naxçıvanda müəyyənləşdirildiyi elmi faktlarla ortaya qoyulmuşdur.
Məhz bu məqamı əsas götürərək birinci fəsildə müəllif hələ müstəqilliyin əldə edilməsi ərəfəsində Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi həyatını geniş şəkildə təhlil etmişdir. “Dağlıq Qarabağ münaqişəsi və bunun Naxçıvanın ictimai-siyasi həyatına təsiri” adlı hissədə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin başlanması, erməni millətçilərinin Dağlıq Qarabağı Ermənistan SSR-ə birləşdirmək arzusu, azərbaycanlıların öz ata-baba yurdlarından zor gücünə çıxarılması, onların qaçqına çevrilməsi, Moskvanın ikili siyasəti və başqa məsələlər Azərbaycanda olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ictimai-siyasi vəziyyəti kəskinləşdirmiş, naxçıvanlıları mübarizəyə qaldırmışdır. Bu dövrdə tarixi Qərbi Azərbaycan torpaqlarından köçkün düşmüş minlərlə soydaşımız məhz Naxçıvana pənah gətirmişdir. Bundan başqa, bu hissədə müharibənin, yaranmış vəziyyətin muxtar respublikamızın sosial-iqtisadi durumunda yaratdığı çətinliklər də faktlarla əsaslandırılmışdır. Göstərilir ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində muxtar respublikanın iqtisadiyyatı böhran vəziyyətinə düşmüşdü. 1989-1991-ci illərdə sənaye istehsalı 26,6 faiz, kənd təsərrüfatında məcmu məhsul 25,5 faiz, heyvandarlıq məhsulları isə 34 faiz azalmışdır.
Əsərdə Azərbaycan milli azadlıq hərəkatının mühüm mərhələsini təşkil edən “Sərhəd hərəkatı”nın Naxçıvandan başladığı, “Sərhəd hərəkatı”na rəsmi səviyyədə siyasi və tarixi qiymətin ilk dəfə məhz Naxçıvanda, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli sessiyasında verildiyi qeyd edilmişdir.
Naxçıvanlıların ermənilərə qarşı mübarizəsi mövzusu monoqrafiyada əksini tapmış ən mühüm məsələlərdəndir. O zaman ölkədə yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən Naxçıvana qarşı iddialarını açıq silahlı təcavüz yolu ilə gerçəkləşdirmişdir. Naxçıvan diyarı çətin sınaqlar qarşısında qalmışdı. Monoqrafiyada Naxçıvan MSSR-in 19 yanvar 1990-cı ildə SSRİ-nin tərkibindən çıxması barədə qəbul edilmiş cəsarətli qərarının ölkəmizin gələcək müstəqillik yolu üçün əhəmiyyəti göstərilmiş, bütün dünyaya səs salan bu etirazın naxçıvanlıların azadlıqsevərliklərinin nümayişi olduğu xüsusi vurğulanmışdır. Müəllif bu barədə ulu öndər Heydər Əliyevin münasibətini də əks etdirir: “Bu, naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevən və müstəqilliyə nə qədər bağlı olduqlarını dünyaya sübut etdi, nümayiş etdirdi”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycanın müstəqil dövlətçilik tarixinə gedən yolda tarixi zərurətdən doğan əhəmiyyətli bir məqamdır. Kitabda bu məsələyə xüsusi olaraq diqqət ayrılmışdır.
Monoqrafiyada Naxçıvanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında reallaşdırılan demokratik dəyişikliklərin mahiyyəti açıqlanmış, o zaman Naxçıvan MSSR Ali Sovetinin tarixi əhəmiyyətli 4 qərarına xüsusi diqqət yetirilmişdir. Bunlar gələcək müstəqilliyin əsaslarını müəyyənləşdirən “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarlardır. Müəllif belə bir nəticəyə gəlir ki, Naxçıvanda bu addımların atılması bilavasitə ulu öndərin cəsarətinin nəticəsi idi. Hələ Bakıda ölkənin müstəqilliyi barədə qərarın qəbul edilməsi üçün tərəddüdlərin olduğu bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisi artıq milli dövlətçilik ənənələrinin bərpasına istiqamətlənmiş qəti qərarlar qəbul edirdi.
Monoqrafiyanın ikinci fəsli “Naxçıvan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)” adlanır. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, bu dövrdə Naxçıvan Muxtar Respublikasında aparılan iqtisadi islahatlar, dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən müdafiəsi istiqamətindəki misilsiz xidmətləri, aparılan diplomatik danışıqlar, Naxçıvan həqiqətlərinin dünyaya bəyan edilməsi, Naxçıvandan rus qoşunlarının çıxarılması və burada milli ordunun formalaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi məsələləri bu fəsildə geniş şəkildə işıqlandırılmışdır. Monoqrafiyada bu barədə yazılır: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında muxtar respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı, iqtisadi islahatlar həyata keçirildi, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradıldı, hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Naxçıvanda mütəmadi hal almış erməni hücumlarının qarşısı alındı”.
Bütün baş verən bu hadisələrin fonunda Azərbaycanın gələcək taleyində ən mühüm və mütəşəkkil qüvvəyə çevriləcək Yeni Azərbaycan Partiyasının da o zaman məhz Naxçıvanda təsis olunması, sağlam siyasi qüvvələrin məhz burada toplanmasının səbəbləri əsərdə geniş şəkildə işıqlandırılmışdır.
Müstəqilliyin qorunub saxlanılması onun əldə edilməsindən daha çətindir. Çünki müstəqilliyin elan edilməsi bir an, onun qorunub saxlanılması isə məqsədyönlü şəkildə həyata keçirilməli olan uzunmüddətli prosesdir. “Naxçıvan müstəqilliyin möhkəmləndirilməsi dövründə (1993-2015-ci illərdə)” adlanan üçüncü fəsil bu fikri daha da möhkəmləndirir. Ulu öndər Heydər Əliyevin Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün xalqın təkidli tələbləri ilə Naxçıvandan Bakıya qayıtması və Azərbaycanı yeni inkişaf yoluna çıxarması ilə bağlı məsələlərə toxunan akademik İsmayıl Hacıyev 1993-cü ilin iyununu ölkəmizin ictimai-siyasi həyatında dönüş nöqtəsi, yeni tarixi mərhələnin başlanğıcı adlandırır.
Naxçıvan Muxtar Respublikasının əsaslı iqtisadi inkişaf dövrünün 1995-ci ilin dekabrından başladığının qeyd olunduğu monoqrafiyada həmin ildən sonrakı dövrdə baş verən ictimai-siyasi proseslər, Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərin tarixi məqamları geniş şəkildə təhlil edilmişdir.
Təbii ki, reallaşdırılan siyasət sosial-iqtisadi inkişafa, xalqın rifah halının yüksəldilməsinə xidmət etməlidir. Muxtar respublikada 1995-ci ildən bəri reallaşdırılan sosial-iqtisadi inkişafın səciyyəsini biz monoqrafiyada təqdim edilən faktlarda açıq-aydın müşahidə edə bilərik. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, monoqrafiyada da göstərildiyi kimi, reallaşdırılan mükəmməl iqtisadi siyasət nəticəsində artıq 2009-cu ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 1 milyard ABŞ dolları səviyyəsini ötmüş, 2010-cu ildə bu rəqəm 1 milyard 171 milyon manat, 2014-cü ildə 2 milyard 391 milyon manat, 2015-ci ildə 2 milyard 467 milyon 422 min manata çatmışdır. Monoqrafiyada 1995-ci illə 2015-ci ilin müqayisəsi aparılaraq göstərilir: “2015-ci ildə ümumi daxili məhsul istehsalı 1995-ci ildəkinə nisbətən 56,4 dəfə artaraq 2 milyard 467 milyon 422 min manat təşkil etmiş, hər bir nəfərə düşən ÜDM istehsalı 42 dəfə artmışdır”.
Müəllif muxtar respublikada həyata keçirilən tikinti-quraşdırma, abadlıq işlərinin xarakterini və mahiyyətini geniş şəkildə təhlil etmişdir. Tikinti və abadlıq işlərinin təhsil və səhiyyə müəssisələrinin, kənd mərkəzlərinin, tarixi abidələrin, sosial obyektlərin simasında öz əksini tapması xüsusi olaraq vurğulanmışdır. Sitat: “Son illərdə muxtar respublikada aparılan tikinti, quruculuq və abadlıq işləri nəticəsində Naxçıvan şəhəri, rayon mərkəzləri, qəsəbə və kəndlər göz oxşayır, Şərq və Qərb memarlıq elementlərini özündə birləşdirən sosial obyektlər, inzibati binalar, yaşayış evləri diyara gözəllik verir, bu işi görənlərin əməyi yüksək qiymətləndirilir”.
Muxtar respublika iqtisadiyyatının mühüm sahələrindən biri olan kənd təsərrüfatında görülən işlər də monoqrafiyada öz əksini tapmışdır. Kənd təsərrüfatı sahəsində islahatların əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunun xüsusi vurğulandığı kitabda muxtar respublikada bu sahənin müasir inkişafı xarakterizə olunmuşdur. Göstərilmişdir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı istifadəsiz qalmış yararlı torpaqların mənimsənilməsi, mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və suvarmanın təkmilləşdirilməsi ilə birbaşa bağlılıq təşkil edir. Araz çayı üzərində hidrotexniki qurğuların, Heydər Əliyev Su Anbarının tikilməsi, Arpaçay, Uzunoba su anbarlarının təmiri, Sədərək, Naxçıvan, Əlincəçay suvarma sistemlərinin işə salınması, genişmiqyaslı meliorasiya-irriqasiya işlərinin görülməsi sayəsində kənd təsərrüfatının suvarma təchizatı yaxşılaşmışdır. 1996-cı ildən ötən illər ərzində onlarla yeni nasos stansiyası tikilmiş, yüzlərlə nasos stansiyalarında təmir işləri aparılaraq işlək vəziyyətə gətirilmiş, su çıxmayan ərazilərdə əkin sahələrinin suvarılması üçün mühüm rol oynayan subartezian quyuları qazılmış, region üçün ənənəvi su mənbəyi olan bir çox kəhrizlər yenidən bərpa olunaraq istifadəyə verilmişdir. Aqrar sahədə əməkçilərin zəruri kənd təsərrüfatı texnikası ilə təchizatını yaxşılaşdırmaq məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və onun rayonlarda xidmət bazaları yaradılmış, yeni texnikalar alınaraq gətirilmişdir. Monoqrafiyanın bu hissəsində kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə təhlillər aparılmışdır.
Nəqliyyat və rabitə sistemində həyata keçirilən işlər, muxtar respublikada elektroenergetikanın yenidən qurulması, əhalinin və müəssisələrin qazla təmin edilməsi məsələləri, ekologiya və yaşıllaşdırma tədbirləri, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasətlə bağlı geniş məlumatların verildiyi kitabda muxtar respublikanın genişlənən beynəlxalq əlaqələrindən də bəhs olunmuşdur.
Monoqrafiyanın dördüncü fəsli “Naxçıvan mədəniyyəti müstəqillik illərində” adlanır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu hissədə təqdim edilən bir çox məlumatlar ilk dəfə olaraq dövri nəşrlər səviyyəsindən çıxarılaraq elmi ədəbiyyata gətirilir. Təhsil, elm, mədəni-maarif, ədəbiyyat, mətbuat, incəsənət sahəsindəki inkişaf və dəyişikliklərdən bəhs olunan bu fəsildə ayrı-ayrı elm, təhsil, mədəniyyət xadimlərinin, şair və yazıçıların əldə etdikləri nailiyyətlərə işıq tutulur, onların yaradıcılıqlarından bəhs olunur və mədəni inkişafın birbaşa olaraq dövlət qayğısı ilə bağlı olduğu göstərilir.
360 səhifəlik “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı monoqrafiyada muxtar respublikanın müasir dövr tarixini müfəssəl şəkildə təhlil edən müəllif belə bir nəticəyə gəlir: “Dövlət müstəqilliyinin əldə olunmasında və qorunub möhkəmlənməsində Naxçıvan Muxtar Respublikasının mühüm rolu olmuşdur. Azərbaycan Respublikasının dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, həyatın bütün sahələrində çox böyük uğurlar qazanılmışdır”.
Elnur KƏLBİZADƏ