23 Dekabr 2024, Bazar ertəsi

Dekabrın 12-də muxtar respublikanın 213 ümumtəhsil məktəbi ilə Heydər Əliyev Muzeyi arasında interaktiv dərs keçirilib.
“Əbədiyaşar lider” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə muzey barədə şagirdlərə ətraflı məlumat verib. Bildirilib ki, ­Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb. Muzey həmin il may ayının 10-dan fəaliyyətə başlayıb. Bu gün Azərbaycan Respublikasında xalqımızın böyük oğlu Heydər ­Əliyevin adını daşıyan 50-dən çox muzey və mərkəz fəaliyyət göstərir. Bunlar içərisində Naxçıvandakı Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzey ümummilli liderin sağlığında yaradılıb. Muzeydə ulu öndərin həyatının müxtəlif dövrlərinə həsr olunmuş eksponatlar, eləcə də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qəbul etdiyi müxtəlif tarixi sənədlər toplanıb.
Qeyd olunub ki, Heydər Əliyev Muzeyi ekspozisiya zalından və kitabxanadan, muzey fondundan ibarətdir. Burada kitabxana yaradılıb, ümummilli liderimiz haqqında çəkilmiş filmləri nümayiş etdirmək üçün lazımi avadanlıqlar, kompüter dəstləri quraşdırılıb. Həmçinin muzeyin internet saytı mövcuddur.
“Muzey fondunda ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 629 ədəd eksponat toplanıb”, – deyən Ramil Orucəliyev bildirib ki, bu eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və tele­qramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Dahi şəxsiyyətin mənalı həyatı və zəngin siyasi fəaliyyəti barədə danışan Heydər Əliyev Muzeyinin direktoru bildirib ki, ulu öndərimiz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixdə keçirilən plenumunda Azərbaycan KP MK-nın birinci katibi seçilib. 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilən görkəmli dövlət xadimi ­Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan ulu öndərimiz 1982-1987-ci illərdə daim Azərbaycan haqqında düşünərək ölkəmizin gələcəyi üçün mühüm tədbirlər həyata keçirib. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayən­­də­liyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

Açıq dərsdə vurğulanıb ki, Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin ağır, çətin dövründə, 1990-cı il iyul ayının 20-də Mos­kvadan Bakıya, iki gün sonra isə doğma Naxçıvana qayıdan ulu öndəri­miz buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik edib. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında dahi şəxsiyyətin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilib, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülüb. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “sovet, sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etmə­məsi, burada aqrar islahatların keçirilməsi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan ilk addımlar idi. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı Ali Məclis adlandırılıb, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmz­ləri haqqında” qərar qəbul edilib. Həmin qərarlar, sessiyaya gətirilən üçrəngli bayraq, 3 sen­tyabr 1991-ci ildə ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi haqqında qərar bu gün muzeydə nümayiş etdirilir.
Ramil Orucəliyev bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyası təsis edilib və ulu öndərimiz partiyanın sədri seçilib. 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxıb. Ulu öndər Heydər Əliyev həmin il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilib. Məhz bu tarixdən başlayaraq Azərbaycanda dövlət quruculuğu prosesinə start verilib, ölkənin parçalanmasının, yox olmasının qarşısı alınıb. Buna görə də 15 iyun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
1993-cü il oktyabrın 3-də ümum­xalq səsverməsi nəticəsində dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti ­seçilib.
Diqqətə çatdırılıb ki, işgüzarlığı, çoxşaxəli fəaliyyəti ilə seçilən ulu öndər Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, 1979-cu və 1983-cü illərdə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.
Vurğulanıb ki, Azərbaycanın 40 ildən artıq bir dövrü ulu öndər ­Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürüb. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanıb.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR