Bu mövzuda Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının Təhsil İnstitutu və Naxçıvan Müəllimlər İnstitutu ilə birgə elmi konfrans keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, həyata keçirilən müxtəlif layihələrdən söz açıb, Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolu və beynəlxalq əlaqələri haqqında məlumat verib.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov “Təhsilin yeni məzmununun yaradılması problemi” adlı məruzəsində bildirib ki, hazırda təhsilin məzmunu və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşmə prosesləri gedir. Elmi-texniki tərəqqinin, ümummədəni səviyyənin, istehsalın və ümumiyyətlə, cəmiyyətin inkişafı ilə əlaqədar olaraq təhsilin məqsədi və bu məqsədə çatmaq üçün onun məzmununa qoyulan tələblər də dəyişir. Ənvər Abbasov “təhsil məzmunu” və “yeni təhsil məzmunu” anlayışlarının oxşar və fərqli xüsusiyyətləri, pedaqoji anlayışların semantikasında baş verən yerdəyişmələr və yeniliklər haqqında danışıb.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov “Pedaqoji tədqiqatlara verilən tələblər təhsil siyasətinin prioriteti kimi” adlı məruzəsində pedaqoji tədqiqatların düzgün aparılma qaydaları haqqında ümumi məlumat verib və bu sahədə rast gəlinən nöqsanları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
“Fənlərarası əlaqə məktəblilərin hərbi xidmətə hazırlanmasında başlıca vasitələrdən biri kimi” adlı məruzə ilə çıxış edən Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasının müdiri, professor Şahin Tağıyev təmsil etdiyi tədris ocağında bu məsələ ilə bağlı uzun illər aparılan geniş tədqiqatlar və onların nəticələri haqqında məlumat verib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Nərmin CABBAROVA