Gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsində informasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqi mühüm amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib.
2014-cü il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin distant təhsilin muxtar respublikada tətbiqi üçün müvafiq qurumlara müxtəlif tapşırıqlar verməsi, tapşırıqların uğurlu icrası bu sahədə böyük nailiyyətlər qazanılmasına imkan yaradıb.
Ötən müddətdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi server qurulub, ümumtəhsil məktəbləri və muzeylər bu sistemə qoşulub. Həmin sistemdən videokonfransların, müəllim-şagird dialoqunun, mühazirələrin onlayn rejimdə təşkilində, seminarların keçirilməsində istifadə olunur.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elektron təhsilin təşkili sahəsində yeni bir layihəyə start verilib. Belə ki, “İnteraktiv açıq dərs” layihəsi ümumtəhsil məktəblərində keçilən açıq dərslərə digər məktəblərin qoşulması məqsədi daşıyır. Layihəyə uyğun olaraq ilk dərs noyabrın 25-də Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunub. Azərbaycan Respublikasının Əməkdar müəllimi Azadə Məmmədovanın apardığı açıq dərsi muxtar respublikanın 187 ümumtəhsil məktəbinin ibtidai sinif şagirdləri izləyiblər.
Qeyd edək ki, layihə çərçivəsində bundan sonra ayda iki dəfə müxtəlif fənlər üzrə “İnteraktiv açıq dərs”lərin keçilməsi nəzərdə tutulur.
Səbuhi Həsənov