Muxtar respublikamızda yaradılmış yüksək təhsil mühiti nəticəsində ilbəil uğurlu nəticələrə nail olunur. Bu nəticələrin daha da yüksəldilməsi, şagirdlərin elmlərə marağının artırılması, onlar arasında sağlam rəqabətin formalaşdırılması məqsədilə ilboyu test-sınaq imtahanları təşkil edilir və müəyyən olunan nöqsanların aradan qaldırılması üçün nəticələrin müzakirəsi keçirilir. Ənənəvi olaraq təşkil edilən belə imtahanlardan biri də dekabrın 17-də muxtar respublikanın ümumtəhsil məktəblərinin IV-VIII sinif şagirdləri arasında keçirilib. Əvvəlki illərdən fərqli olaraq bu il imtahanlarda IV sinif şagirdləri də iştirak ediblər. Məqsəd həmin şagirdlərə kiçik yaşlarından buraxılış və qəbul imtahanlarının keçirilmə qaydalarını aşılamaqdır.
İmtahanlar bütün ümumtəhsil məktəblərində səhər saat 1000-da başlayıb və iki saat yarım davam edib. Şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb. Məlumat üçün bildirək ki, test-sınaq imtahanında şagirdlərə iş nömrəsi verilib və kodlaşma aparılıb. Həmin iş nömrəsi vasitəsilə şagirdlər imtahanın nəticələrini www.istedad21.com saytından öyrənə bilərlər.
Xəbərlər şöbəsi