Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2016-cı ildəki fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Əvvəlcə AMEA Naxçıvan Bölməsinin il ərzində nəşr etdirdiyi monoqrafiyalardan, kitablardan, elmi məqalə, tezis və konfrans materiallarından, dərman otlarından ibarət sərgiyə baxış olmuşdur.
Yığıncaqda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2016-cı ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, hesabat dövründə AMEA Naxçıvan Bölməsinin tərkibindəki elmi müəssisələrdə elmi-tədqiqat işlərinin 2016-cı il üçün təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 31 işin 81 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Planda nəzərdə tutulan 76 mərhələ üzrə elmi-tədqiqat işləri tamamlanmışdır. Elmi-tədqiqat işləri 29 şöbə və labоratоriyada 2 akademik, 5 müxbir üzv, 4 elmlər dоktоru, 47 fəlsəfə dоktоru, 5 doktorant, 13 elmi işçi оlmaqla 76 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilmişdir. İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin ayrı-ayrı institutlarının fəaliyyəti barədə ətraflı məruzə etmişdir. Eyni zamanda əldə olunan nailiyyətlər elektron lövhədə nümayiş olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək demişdir ki, hər bir cəmiyyətdə elmin inkişafı onun mənsub olduğu dövlətin siyasəti ilə qırılmaz vəhdət təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev siyasi quruluşundan asılı olmayaraq Azərbaycana rəhbərliyinin hər iki dövründə elmin inkişafına çalışmış, daim elmə üstünlük vermişdir. Ulu öndərimizin ölkəmizdə elmin inkişafı sahəsində qəbul etdiyi mühüm qərarlardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılmasıdır. 14 il bundan əvvəl qəbul edilmiş bu mühüm dövlət sənədində ulu öndərimizin muxtar respublikada elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadənin səmərəliliyinin artırılması barədə rəhbər göstərişləri, Naxçıvanın tarixinin, arxeologiyasının, etnoqrafiyasının və təbii sərvətlərinin öyrənilməsi ilə bağlı tapşırıqları öz əksini tapmışdır.
“Akademiyanın Naxçıvan Bölməsinin fəaliyyətə başladığı dövrdən keçən müddət ərzində ümummilli liderimizin göstəriş və tapşırıqlarının icrası istiqamətində ardıcıl tədbirlər görülmüşdür”, – deyən Əli Həsənov diqqətə çatdırmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Mərkəzi Aparatı, Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar və Bioresurslar institutları müasir tələblərə cavab verən binalarla təmin edilmişdir. Batabat Astrofizika Rəsədxanası üçün inzibati bina istifadəyə verilmiş, rəsədxananın teleskop sistemi yenidən qurularaq tam avtomatlaşdırılmışdır. Həmçinin ötən müddət ərzində “Nəbatat bağı”nın sahəsi genişləndirilmiş, inzibati bina ilə təmin edilmiş və müasir texnologiyaya malik istixana qurulmuşdur. Bölmənin Seysmoloji xidmət mərkəzində müasir avadanlıqlar quraşdırılmış, Mərkəzi Elmi Kitabxanasının bazasında elektron kitabxana yaradılmış və lazımi avadanlıqlarla təchiz edilmişdir. Bölmədə “Tusi” nəşriyyatı fəaliyyətə başlamışdır. Bundan əlavə, bölmədə “Vətən tarixi”, “Arxeologiya”, “Müəssisələrin təşkili və idarə olunması”, “Fiziki kimya” və “Botanika” ixtisasları üzrə iki dissertasiya şurası yaradılmışdır. Bu şuraların muxtar respublikada elmi kadr hazırlığında mühüm rolu vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin 2009-cu ildə keçirilən hesabat yığıncağında çıxışı zamanı demişdir: “İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etdirilməlidir. Göstərilən diqqət və qayğıdan nəticə çıxarılmalı, elmi-tədqiqatların faydalı iş əmsalı artırılmalıdır”.
Qeyd olunmuşdur ki, verilən tapşırıqların icrası istiqamətində bir sıra işlər görülmüş, elmi istiqamətlər yeni arxeoloji materiallarla zənginləşdirilmiş, təcrübi tədqiqatlara diqqət artırılmışdır. Ali Məclislə və Ali Məclisin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası ilə həyata keçirilən birgə layihələr uğurlu olmuş, fundamental nəşrlər çap edilərək elmi ictimaiyyətə təqdim olunmuşdur. Lakin bütövlükdə yaradılan şəraitdən lazımınca istifadə edilməmişdir.
Əli Həsənov demişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, onun institutlarının və digər tabeli qurumlarının 9 aylıq fəaliyyəti ilə bağlı 20-27 sentyabr 2016-cı il tarixlərdə aparılan müzakirələr zamanı məlum olmuşdur ki, bölmədə kadrların seçilməsi və yerləşdirilməsi işinə tələbkar yanaşılmamış, ştatların əksəriyyəti boş qalmışdır. Bunun nəticəsində bəzi şöbələr tam komplektləşdirilməmiş, muxtar respublika üçün vacib olan bir sıra istiqamətlər üzrə – memarlıq, şəhərsalma, abidələrin bərpası, toponimika, filiz yataqları, mineral sular və hidrogeologiya ilə bağlı tədqiqatlar aparılmamış, təkliflər verilməmişdir. İnstitut və digər tabe qurumların fəaliyyətinə nəzarət düzgün təşkil edilməmişdir. Müzakirələr zamanı bir daha aydın olmuşdur ki, elmi şuraların iclasları əksər hallarda formal xarakter daşımış, aktual məsələlər müzakirəyə çıxarılmamış, şöbələrin elmi fəaliyyətlərinə lazımi tələbkarlıq göstərilməmişdir. Bir sözlə, elmin inkişafı üçün imkanlardan və yaradılan şəraitdən səmərəli istifadə edilməmişdir.
Vurğulanmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi müvafiq tədqiqat və elmi nəticələr ilə muxtar respublikadakı inkişafa da öz töhfəsini verə və elmin təcrübəyə tətbiqi sahəsində əməli fəaliyyət göstərə bilməmişdir. Bölmədə iqtisadi təhlillər aparılmamış, muxtar respublikanın iqtisadi uğurlarını əks etdirən elmi nəşrlər hazırlanmamışdır. Elmi işlərin təşkili və aparılması üçün də tələbkar mühit yaradılmamış, muxtar respublikanın elmi və kadr potensialından, eləcə də bu işin əlaqələndirilməsi imkanından lazımi səviyyədə istifadə edilməmişdir. Müzakirələrdən ötən dövr göstərir ki, bəzi elmi işçilər bu müzakirələrin nə üçün aparıldığını hələ də başa düşməyiblər. Hələ də aydın deyil ki, nə üçün toponimikamız, tarixi coğrafiyamız və şəxsiyyətlərimiz öyrənilməli olduğu halda, heç bir xidməti olmayanların şəcərə tarixlərinə bu qədər diqqət və vaxt ayrılır? Bəri başdan deyək ki, bu kimi “təşəbbüslər” elmə xidmət etmir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi işinin daha məhsuldar olması üçün ciddi elmi istiqamətlər və nəşr planları müəyyənləşdirməli, elmi tədqiqatlar şöbə və institutların, eləcə də Rəyasət Heyətinin nəzarətində aparılmalı, işə davamlı və sistemli xarakter verilməlidir. Fundamental və tətbiqi elmi tədqiqatların təşkilinə, onların nəticələrinin praktikada tətbiqinə çalışmaq, muxtar respublikanın elmi-texniki potensialını qorumaq və inkişaf etdirmək, gənc kadrlarla işi gücləndirmək lazımdır. Muxtar respublikanın sosial-iqtisadi inkişafı elmi və ətraflı təhlilini tapmalı, təbii və mənəvi dəyərlərimiz, xalq yaradıcılığı, etnomühit dərindən araşdırılmalı, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin muxtar respublikanın aidiyyəti nazirlikləri ilə əlaqəsi daha da gücləndirilməlidir. Bu ildən muxtar respublika rəhbərinin tapşırığı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi əməkdaşları akademiyanın elektron informasiya mərkəzindən muxtar respublikanın ümumtəhsil məktəbləri üçün interaktiv nümunəvi dərslərin təşkilinə cəlb olunacaqlar. Söhbət alim nümunəsindən gedir. Alim isə elmi dərəcəsi ilə yox, elmə gətirdiyi yenilik, elmə verdiyi fayda ilə tanınmalı, interaktiv dərslərdə əldə olunan elmi nailiyyətlər, elmi fəaliyyət bir nümunə gücündə göstərilməlidir. Bu gün elmi-tədqiqat müəssisələrində çalışanlar hər cəhətdən nümunəvi olmağı bacarmalı, öz işgüzarlığı ilə hörmət qazanmalı, əsl ziyalı mövqeyi tutmalı, ictimai fikrə fəal təsir gücünə malik olmalıdırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin qarşısında qoyduğu bu vəzifələr yeni ildə fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir. 2017-ci il Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi üçün işdə ciddi dönüş ili olmalı, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir.
Sonra AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev hesabat məruzələri ilə çıxış etmişlər.
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev qeyd etmişdir ki, kollektiv bildirilən haqlı iradlardan nəticə çıxararaq qarşıdakı ildə fəaliyyəti mövcud nöqsanların aradan qaldırılması istiqamətində quracaq, işdə əsl dönüşə nail olacaqdır.
“Şərq qapısı”