Naxçıvan Dövlət Texniki Kollecində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə hamiliyə verilmiş Nəqliyyatda daşımaların təşkili ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq muxtar respublikada yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlərdən, nəqliyyat sektorunun inkişafının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən, dəmir yolu nəqliyyatında daşınmaların günün tələbləri səviyyəsində reallaşdırılmasında ixtisaslı kadrların rolundan danışıb. Qeyd edib ki, Naxçıvan bu gün blokada şəraitində yaşayır. Lakin blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir, bu sahə daim işlək vəziyyətdə saxlanılır. Naxçıvanın işğalçı ölkə ilə sərhəddə yerləşməsi dəmir yolu nəqliyyatının inkişafını zəruri edir. Bu gün muxtar respublikada daxili yük və sərnişin daşınmalarının həyata keçirilməsində dəmir yolunun imkanlarından geniş istifadə olunur.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə cəmiyyətin fəaliyyəti üçün müasir iş şəraitinin yaradıldığını, vağzal binalarının, stansiyaların idarəetmə mərkəzlərinin, digər inzibati və yardımçı binaların əsaslı təmir olunduğunu diqqətə çatdırıb.