Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi aprelin 16-da ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, o cümlədən eksternat qaydasına yekun qiymətləndirmədə (attestasiya) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində iştirak edə bilməyən şagirdlər üçün imtahanlar keçirib.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Şirvan, Göyçay, Xaçmaz, Bərdə və Lənkəran şəhərlərində təşkil olunub.
Naxçıvan Muxtar Respublikasında ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsinə imtahan Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin binasında keçirilib. İmtahan üçün 44 nəzarətçi, 4 rəhbər, 1 ümumi rəhbər və 4 mühafizəçi təyin olunub. Saat 1300-da başlayan imtahan 1500-da başa çatıb. İmtahanda 511 namizəd iştirak edib.
Qeyd edək ki, ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı 2 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə abituriyentlərə Azərbaycan dili fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim edilib. Birinci mərhələdə imtahan müddəti 2 saat olub. İkinci mərhələdə imtahan iştirakçılarına sualları cavablandırmaları üçün 1 saat 30 dəqiqə vaxt veriləcək.
Fatma BABAYEVA