Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin birgə təşkilatçılığı ilə muxtar respublika üzrə ümumtəhsil məktəblərinin şagirdləri arasında kompüter bilikləri müsabiqəsi keçirilib.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilən müsabiqədə muxtar respublikanın şəhər və rayon məktəbləri üzrə 16 şagird iştirak edib.
Əvvəlcə mərkəzin direktoru Vüqar Rəsulov, direktor müavini Nəriman Sadıxov və Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəyev müsabiqənin məqsəd və vəzifələrindən danışıblar. Çıxışlarda bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd uşaq və gənclərin informasiya-kommunikasiya texnologiyalarına marağının və biliklərinin artırılması, onların istedadlarının aşkara çıxarılması, asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Müsabiqədə şagirdlərə “Windows”, “Word”, “Excel” proqramları və internet şəbəkəsinə dair test sualları təqdim olunub.
Sonda münsiflər tərəfindən müsabiqənin qalibləri müəyyənləşdirilib. Beləliklə, I yerə Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Elgün Hüseynli, II yerə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Cavid Əliyev, III yerə isə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Rəbbi Səfərli və Ordubad rayon internat məktəbinin 11-ci sinif şagirdi Hüseyn Abdullabəyli layiq görülüblər. Qaliblər diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Müsabiqədə həvəsləndirici yerləri tutan şagirdlərə isə genişzolaqlı internet kartları hədiyyə olunub.
Gülcamal TAHİROVA