Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçən tələbələrlə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək təhsil quruculuğu sahəsində görülən işlərdən, orta təhsilin inkişaf səviyyəsindən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib, ali və orta ixtisas təhsili müəssisələrinin birgə fəaliyyətinin tədrisin və təhsilin yüksək səviyyədə qurulmasında mühüm rolundan danışıb.
Bu görüşün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirildiyini bildirən təhsil naziri vurğulayıb ki, təkcə cari ilin birinci rübündə müxtəlif bölgələrimizdə 5 yeni məktəb binasının istifadəyə verilməsi, təhsil müəssisələrinin ən müasir avadanlıqlarla təchiz edilməsi, müəllim əməyinə yüksək qiymət verilməsi göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Məmməd Qəribov bildirib ki, pedaqoji profilli hamiliyə götürülmüş ixtisaslarda təhsil alan tələbələrlə görüşlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. O, müasir təhsillə bağlı yanaşmaların formalaşmasında müəllim hazırlığının vacibliyindən söz açaraq deyib ki, bu gün muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrində təhsil alanların yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə yiyələnmələri daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi muxtar respublikada yerləşən ali və orta ixtisas təhsili müəssisələri ilə daim əlaqələrini genişləndirərək pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin təcrübələrinin tam orta məktəblərdə keçirilməsi prosesində yaxından iştirak edir.
Pedaqoji təcrübə müddətində tələbələrin tam orta məktəblərdə pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdıran Məmməd Qəribov qeyd edib ki, təcrübə müddətində müasir təhsil sistemində pedaqoji yeniliklərin, fənn kurikulumlarının və yeni təlim texnologiyalarının tətbiqi ilə aparılan tədris prosesinin üstünlüklərinin tələbələrə aşılanması təmin edilir, ümumtəhsil məktəblərində tətbiq olunan yeni dərsliklər, dərs vəsaitləri və elektron tədris vasitələrindən səmərəli istifadə yolları təcrübi şəkildə öyrədilir. Bundan başqa, pedaqoji təcrübə zamanı məktəblilərə müasir yanaşma formaları, müəllim-şagird-valideyn əlaqələrinin yaradılması, məktəbə rəhbərliyin metodları, şagirdlərlə psixoloji işin aparılması yolları, ümumilikdə, təhsil sahəsində mövcud olan bütün yeniliklər çatdırılır.
Sonra təhsil prosesində müxtəlif sahələri əhatə edən mövzular ətrafında çıxışlar olub, tələbələr təşkil edilən kitab sərgisinə, müəllim və kurikulum guşələrinə baxıblar.
Səbuhi Hüseynov