23 Dekabr 2024, Bazar ertəsi

Füsunkar gözəlliyi ilə gözoxşayan Şahbuz rayonu həm də özünün təhsil ənənələri, səsi-sorağı ölkəmizin müxtəlif elm ocaqlarından, tədris müəssisələrindən gələn elm adamları ilə tanınır. Davamlı dövlət qayğısı hər il rayonda təhsil sahəsində yeni uğurlar qazanılmasına şərait yaradıb. Bölgədə 23 tam orta məktəb və 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Dövlətimizin təhsil işçiləri qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsində səy və bacarığını səfərbər edən təhsil ocaqlarından biri Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdir. 

Bu təhsil ocağı 1930-cu ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. Bir qədər sonra 7 illik məktəbə, 1954-1955-ci tədris ilindən isə orta məktəbə çevrilib. Fəaliyyət göstərdiyi dövrdə xeyli uğurlara imza atıb. Qürurvericidir ki, orta təhsillərini bu məktəbdə almış Arif Həşimli Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Əyyub Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 5 elmlər doktoru, professor, 20-yə yaxın fəlsəfə doktoru hazırda ölkəmizin müxtəlif ali məktəblərində fəaliyyət göstərirlər. Bu gün adıçəkilən təhsil ocağında onların ardıcılları yetişdirilir. Pedaqoji kollektiv çalışır ki, cəmiyyətə intellektual səviyyəli, həm də vətənpərvər gənclər yetişdirilməsinə nail olsun. Bu vəzifənin öhdəsindən gəlmək üçün məktəbdə hərtərəfli şərait var. Belə ki, 2007-ci ildə yeni məktəb binası tikilib, 15 kompüterdən ibarət kompüter sinfi, 3 laboratoriya, 1 kitabxana, idman zalı, 4 elektron lövhə müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəbin açılış mərasimində: “Bu gün tikilib istifadəyə verilən məktəb gələcəyin qapısıdır. İndi biz öz gələcəyimizin açılışını edirik. Biz bu gün belə bir məktəb istifadəyə veririksə, müəyyən nailiyyətlər qazanırıqsa, deməli, bundan da böyük uğurlar qazanmaq üçün zəhmət çəkmək, əziyyət çəkmək, intizamlı və tələbkar olmaq lazımdır. Bütün bu prinsiplər günü-gündən yüksəlir”, – deyən Ali Məclisin Sədri bunu da diqqətə çatdırıb: “Bu ölkəni qorumaq, inkişaf etdirmək üçün onun təhsilli, vətənpərvər insanları olmalıdır”.

Bu tövsiyələri özünə fəaliyyət proqramı kimi götürən pedaqoji kollektivin uğurları ilbəil artır. Təhsil ocağının direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məhərrəm İsmayılov deyir ki, məktəb 2010-2011-ci tədris ilinin yekunlarına görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli Sərəncamı ilə “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Həmin tədris ilində məktəbin məzunlarından Sirac Sultanlı 672 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumaq hüququ qazanıb, Prezident təqaüdünə layiq görülüb. Sonrakı illərdə də məktəbin əldə etdiyi göstəricilər ürəkaçan olub. Bu baxımdan ötən tədris ilinin nəticələri də qənaətbəxşdir. Həmin il ali məktəblərə qəbul üçün sənəd təqdim edən 29 məzundan 22 nəfəri respublikanın müxtəlif ali məktəblərinə, 6 nəfər isə orta ixtisas məktəblərinə qəbul olub. Məzunlardan 4 nəfəri 500-dən yuxarı, 2 nəfəri 600-dən yuxarı bal toplayıb. Onlardan Dilarə Şahgəldiyeva 650 balla Naxçıvan Dövlət Universitetinə qəbul olunub. O, respublika üzrə keçirilən fənn olimpiadasında (tarix fənni üzrə) III yerə çıxıb. Dilarə orta məktəbi gümüş medalla bitirib.
Bu gün məktəbdə 512 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərdən 2 nəfəri Azərbaycan Respublikasının, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına, 2 nəfəri “Tərəqqi” medalına layiq görülüblər. Pedaqoji kollektivin 2 nəfəri “İlin müəllimi” müsabiqəsinin qalibidir. Məktəbin şagirdləri bu il keçirilən sınaq-test imtahanında göstərdikləri yüksək nəticələrə görə fəxri fərmanlarla təltif ediliblər.
Müəllim və şagirdlərin, nəticə etibarilə, məktəbin qazandığı uğurların təməlində dayanan amillərdən biri və başlıcası təhsilə göstərilən hərtərəfli dövlət qayğısıdır. Ancaq o da var ki, belə qayğı bütün məktəblərimizi əhatə etsə də, qazanılan nəticələr bütün təhsil ocaqlarında eyni səviyyədə deyil. Haqqında bəhs etdiyimiz məktəbin yüksək nailiyyətlər qazanmasının sirlərini təhsil ocağının müəllimlərindən öyrənmək istədik. Onlarla həmsöhbət olduq. Müəllimlərin söhbətlərindən hiss etmək çətin deyildi ki, onlar cəmiyyət üçün əsl vətəndaş yetişdirmək kimi məsuliyyətli bir vəzifənin həyata keçirilməsinə böyük önəm verir, bu prosesdə kollektivin hər bir üzvünün fəal iştirakı təmin olunur.
“Tərəqqi” medallı Rauf Bağırov tarix müəllimidir. Deyir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil işçilərinə göstərdiyi qayğı, onlar qarşısında müəyyənləşdirdiyi vəzifələr bir ali məqsədə söykənib: dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər vətəndaşlar tərbiyə etmək. Çünki gələcəyimizin necə olacağı məhz belə vətəndaşlardan asılıdır. Bu məsul vəzifənin yerinə yetirilməsində müasir tədris üsullarına geniş yer veririk. Bu heç də bütün ənənəvi üsulların üstündən xətt çəkmək deyil. Düzdür, bu gün zamanla səsləşməyən bəzi metodlar var, ancaq kollektiv artıq onların özünü doğrultmadığını görür. Məsələn, sübut olunub ki, “Hafizə məktəbi” bugünkü məktəbliyə heç nə vermir. Zaman dəyişdikcə hər gün müxtəlif yeniliklər həyatımıza daxil olur. Həssas müəllim bunu görür və fəaliyyətini də bu istiqamətdə qurur, nəticəsinin uğurlu olması onu daha da ruhlandırır. Bu isə qarşımıza qoyulan vəzifənin layiqincə yerinə yetirilməsində başlıca amildir.
Azərbaycan Respublikasının Əməkdar müəllimi Məlahət Haqverdiyeva:
– Sinifdə neçə şagird varsa, bir o qədər də xarakter var. Əgər əlinə jurnal alıb sinfə girən müəllim bunu dərindən dərk edirsə, o, nailiyyət qazanmaya bilməz. Fərdi yanaşma və sinfin ümumi fəallığının təmin olunması tədrisin səviyyəsinin yüksəldilməsində böyük təsirə malikdir. Çalışırıq ki, fəaliyyətimizdə bunları diqqətdə saxlayaq. Çoxillik təcrübəmdə bu metoddan istifadə etməyin effektiv olduğunu görmüşəm. Bizimlə birgə çalışan gənc müəllimlərə də bunu tövsiyə edirəm.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mehriban Həsənova deyir ki, təlim-tərbiyə prosesinin tərkib hissələrindən biri məktəbdə sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsidir:
– Etiraf edək ki, bəzən bu tədbirlər tədbir keçirmək xatirinə təşkil olunur. Ona görə də yorucu keçir və şagirdin yaddaşında iz qoymur, çəkilən zəhmət hədər gedir. Çalışırıq ki, tədbirlər hazırlananda şagirdlərin sərbəstliyi, təşəbbüskarlığı və fəallığı təmin olunsun. İlboyu müxtəlif əlamətdar və tarixi günlər, bayramlar münasibətilə keçirdiyimiz tədbirlərə ciddi diqqət yetiririk. Elə bu dərs ilində əlamətdar günlərlə bağlı keçirdiyimiz tədbirlər çox yaddaqalan olub. Belə tədbirlər həm də tədris məşğələlərində verilmiş biliyin möhkəmləndirilməsində mühüm rol oynayır.
“İlin müəllimi” müsabiqəsinin qalibi Növrəstə Xudiyeva təhsilin səviyyəsinin yüksəldilməsində müxtəlif metodlarla yanaşı, şagirdlərin mütaliə mədəniyyətinin inkişaf etdirilməsini də vacib sayır. O, bu işdə məktəb kitabxanasının da üzərinə mühüm vəzifə düşdüyünü deyir:
– Bu gün məktəbimizin kitabxanası klassik və müasir Azərbaycan, həmçinin dünya ədəbiyyatı nümunələri ilə zəngindir. Bu xəzinədən istifadə etmək üçün kitab müzakirələrinin keçirilməsini, kitabxanaya gətirilmiş yeni kitabların sərgilərinin təşkil edilməsini diqqətdə saxlayırıq ki, bu da uşaqlara əlavə biliklər verməklə yanaşı, onlarda mütaliə mədəniyyəti formalaşdırır. Bəzən səhv olaraq deyirlər ki, uşaqlarda mütaliəyə marağı gücləndirmək üçün ədəbiyyat fənnindən ayrılmış sinifdənxaric oxu materialları kifayətdir. Əslində, belə deyil. Kitabxanada müxtəlif humanitar və dəqiq elmlərlə bağlı kitablar da var. Onlardan necə istifadə olunmalısı üçün bütün müəllimlər məsuliyyət daşıyır və yaxşı haldır ki, həmkarlarım bu məsələdə öz vəzifə borclarına həssaslıqla yanaşırlar.
“İlin müəllimi” müsabiqəsinin qalibi olan kimya müəllimi Sahibə Seyidova dərnəklərin düzgün təşkilindən, məktəbin tanınmış məzunları, müharibə və əmək veteranları, bu təhsil ocağını bitirib ali məktəblərdə oxuyan tələbələrlə görüşlərin keçirilməsindən danışır:
– Bu tədbirlər şagirdləri həyatda layiqli yer tutmaq üçün daha yaxşı təhsil almağa sövq edir. Onlar görüş keçirdiyimiz alimlərimizin, tələbələrimizin, müharibə və əmək veteranlarımızın yollarını davam etdirməyi arzulayır, bu arzulara çatmağın təməlində yalnız elmlərin sirlərinə dərindən bələd olmaq bacarığı durduğunu dərk edirlər.

*   *  *

Növbəti dərs ilinin başa çatmağına az qalıb. Məktəbdəki görüşümüzün, müəllimlərlə söhbətlərin nəticəsi belə qənaət yaratdı ki, Şahbuz şəhərindəki 1 nömrəli tam orta məktəbin kollektivi 2016-2017-ci tədris ilini də uğurla başa vurmaq üçün möhkəm əzmlə çalışır, yeni nailiyyətlərə imza atmaq üçün səy və bacarığını əsirgəmir.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR