Muxtar respublikada təhsil siyasətinin diqqətdə saxlanılması, bu sahəyə prioritet istiqamət kimi baxılması öz bəhrələrini verməkdədir. Hər il regionda bir neçə yeni məktəb binasının istifadəyə verilməsi, təhsil ocaqlarının maddi-texniki bazalarının gücləndirilməsi şagirdlərin muxtar respublika və ölkə səviyyəsində keçirilən olimpiadalarda, digər bilik yarışmalarında, idman birinciliklərində, məzunların qəbul imtahanlarında yüksək nəticələr qazanılmasını təmin edir.
Sərhəd bölgəsi Sədərək rayonunun timsalında da bunu görmək olar. Müstəqilliyəqədərki və müstəqillik qazandığımız illərdə bölgənin təhsil mühitini müqayisə etsək, həm şərait, həm də keyfiyyət baxımından böyük fərqi görərik. Sədərəkdə sovet dönəmində belə dövrün tələblərinə cavab verən məktəb binaları tikilməyib. Uyğunlaşdırılmış binalardan istifadə edilib. Bu da, sözsüz ki, təhsilin keyfiyyətinə öz təsirini göstərib. Təhsil ocaqlarının ixtisaslı kadrlarla təminatı da ürəkaçan olmayıb. Keçid dövrü adlandırdığımız zaman kəsiyində adıçəkilən sahələrdə vəziyyət bir qədər də çətinləşib. Bölgənin sərhəddə yerləşməsi, məlum hadisələrin başlaması ilə vəziyyətin daha da ağırlaşması burada o dövrün təhsili barədə müsbət mənada nə isə deməyə imkan verməyən amillərdir. O dövrdə Sədərəkdə əsas məsələ yurd yerinin qorunması idi, sədərəklilər sərhədçi ömrü yaşayırdılar, digər sahələr kölgədə qalmışdı. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı, bir neçə dəfə Sədərəkdə olması, sərhəd bölgəsinin sakinləri ilə görüşməsi, onların problemləri ilə maraqlanması tədricən burada həyatın bütün sahələrinin canlanmasına gətirib çıxardı. Həyat öz axarına düşməyə, insanların sabaha olan inamı güclənməyə başladı. Təhsil sahəsi də özünün inkişafına qədəm qoydu. Bu gün qazanılan uğurların təməli də məhz o dövrdə möhkəmləndirilib.
Bu gün Sədərəyin təhsil müəssisələri hərtərəfli qayğı ilə əhatə olunub. Maddi-texniki bazası gücləndirilib. Kadr təminatı xeyli yaxşılaşdırılıb. Bununla bağlı rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov deyir ki, təhsilin səviyyəsinin yüksəldilməsində başlıca amillərdən biri müasir tədris şəraitinin yaradılmasıdır. Bu gün Sədərək rayonunda bütün təhsil müəssisələri – dörd ümumtəhsil, dörd məktəbdənkənar, iki məktəbəqədər təhsil ocağının hamısı yeni binalarda fəaliyyət göstərir. Cari tədris ilindən isə məktəblərdə beşyaşlıların hazırlıq qrupları fəaliyyətə başlayıb. Beşyaşlı 47 uşaq Sədərək məktəblərində təhsilə cəlb edilib. Onlarla ixtisasartırma kursu keçmiş müəllimlər məşğul olurlar. Ümumtəhsil məktəblərində 147 kompüter, 15 elektron lövhədən istifadə edilir, 1229 şagirdin təhsili ilə 98 müəllim məşğul olur. Ötən tədris ilində məzun olmuş 72 nəfərdən 48-i ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edib. Onlardan 23-ü tələbə adını qazanıb. Ali məktəblərə qəbulda 2 nəfər 600-700, 3 nəfər 500-600 intervalında bal toplayıb. Bir nəfər Heydər Əliyev adına Hərbi Liseyə, bir nəfər isə Sərhəd Qoşunları Akademiyasına qəbul olunub. 17 məzun isə orta ixtisas məktəblərində təhsillərini davam etdirmək hüququ qazanıb. Onlardan 7-si hazırda Tibb Kollecinin tələbəsidir. Bu, son illər üçün nisbətən yüksək nəticə olsa da, rayonun pedaqoji kollektivləri bunu son hədd hesab etmirlər. Onlar cari ilin yekunlarının həm keyfiyyət, həm də kəmiyyət baxımından daha yüksək olması əzmilə yaradılan şəraitdən səmərəli istifadə etməyə, bununla intellektual səviyyəli məzunlar yetişdirməklə göstərilən qayğıya əməli işləri ilə cavab verməyə çalışırlar.
Pedaqoji kollektivlərin üzvləri yaxşı bilirlər ki, məktəbin vəzifəsi təkcə savadlı məzun deyil, həm də vətənpərvər gənclik yetişdirməkdir. Dövlətimiz bu məsələnin həlli üçün də şərait yaradıb. Müəllimlər bu vəzifələrin öhdəsindən gəlmək üçün yaradılmış şəraitdən səmərəli istifadə etməyə, yeni təlim üsullarından bəhrələnməyə, onları öz işlərində tətbiq etməyə çalışırlar. Bu gün müasir pedaqogika, məktəbşünaslıq özünün yeni inkişaf mərhələsindədir. Ona görə də yeni təlim metodlarının tədris prosesində tətbiqi zamanın tələbidir. Bunsuz yeni uğurlar qazanmaq mümkün deyil. Muxtar respublikanın bütün təhsil müəssisələrində olduğu kimi, Sədərək rayonunun məktəblərində də bu tələb diqqət mərkəzindədir. Sınanılmış və yeni yaradılmış təlim üsulları köhnə, şablon metodların üstündən xətt çəkib. Yəni zamanla yanaşı, o da inkişafdadır. Bu baxımdan bugünkü şagird şəxsiyyətdir və o, hafizə məktəbinin dərsləri ilə ayaqlaşa bilməz. Ona görə də məktəblərdə 9 ildir ki, tətbiq olunmuş kurikulum öz bəhrələrini verməkdədir.
O da vurğulanmalıdır ki, vətənpərvər gəncliyin yetişdirilməsində sinifdənxaric və məktəbdənkənar tədbirlər böyük əhəmiyyət daşıyır. Tarixi, əlamətdar və bayram günlərinin məktəblərdə qeyd olunması, kitab müzakirələrinin keçirilməsi məktəb həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin hamımız üçün örnək olan həyat və siyasi fəaliyyətinin dərindən öyrədilməsi həyata keçirilən tədbirlər sırasında başlıca yer tutur. Son illərdə muxtar respublikada tariximizin, mədəniyyətimizin, milli və mənəvi dəyərlərimizin araşdırılması, tədqiqi, bu sahədə yeni nəşrlərin işıq üzü görməsi qədim tariximizin düzgün öyrənilməsi istiqamətində atılan böyük addımlardır. Sədərək rayonunun pedaqoji kollektivləri bu məsələlərin şagirdlərə çatdırılmasında fəallıq göstərirlər. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi sərhəd bölgəsində xüsusi önəm kəsb edir. Ona görə də bu istiqamət də işdə əsas götürülüb. 1988-ci ildə başlanan məlum hadisələri bugünkü məktəblilər görməyiblər. Dərsdənkənar məşğələlərdə o hadisələr, həmin hadisələrin başvermə səbəbləri, sədərəkli şəhidlər haqqında söhbətlər aparılır, veteranlarla görüşlər təşkil olunur.
Onu da deyək ki, son illər Sədərək məktəblərinin rayon, muxtar respublika və ölkə səviyyəsində keçirilən olimpiada, viktorina, idman yarışlarında qazandıqları uğurlar da artmaqdadır. Belə ki, ötən tədris ilində müxtəlif fənlər üzrə keçirilən ümumrespublika olimpiadasında 8 şagird iştirak edib. “Kitab bilik mənbəyidir” müsabiqəsinin respublika turuna qatılan 6 məktəblinin 2-si birinci və üçüncü yerlərə sahib olub. Naxçıvan şəhərində keçirilən “Naxçıvan müstəqillik illərində” inşa yazı müsabiqəsində Pəri İsmayılova birinci yerə çıxıb. Bu tədris ilində də belə uğurlar az olmayıb.
“Bayrağımız qürur mənbəyidir”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və digər tədbirlər yaddaqalan olub, məktəblilər həmin tədbirlərdə fəallıq göstərib, mükafatlara layiq yerlər tutublar. Tədbirlərin təşkilində ona çalışılır ki, şagirdlər doğulduqları, yaşadıqları torpağın hər bir naxçıvanlı üçün müqəddəs bir yer olduğunu, bu torpaqda milli və mənəvi dəyərlərimizin böyük ehtiramla qorunduğunu və digər məsələləri dərindən dərk etsinlər, Vətənə layiqli vətəndaş olmağın şərəfini duysunlar.
Belə tədbirlərdə pedaqoji kollektivlərin üzvlərinin öz vəzifə borclarına məsuliyyəti getdikcə artır ki, bu da təhsilin səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyır.
Muxtar Məmmədov