“Cari ilin may ayında gözlənilməz şad bir xəbər naxçıvanlıları sevindirdi. Şəhər başçısının Qafqaz tədris mahalı hamisindən aldığı və ictimaiyyətə elan etdiyi teleqramda deyilirdi ki, Naxçıvanımda altı sinifli kişi gimnaziyası açmaq məsələləri prinsip etibarı ilə tamamilə həll edilmişdir. Lakin bu şərtlə ki, şəhər əhalisi birdəfəlik yardım alaraq 5000 manat və hər il 2000 manat vəsait verməli və gimnaziya binasını tikmək üçün yer ayırmalıdır”.
Bu sətirlər XX əsr Azərbaycan ədəbiyyatı, mətbuatı, teatrı və ictimai fikir tarixində özünəməxsus yer tutan ziyalılardan biri olan Eynəli bəy Sultanovun sonsuz bir sevinclə Naxçıvan şəhərində məktəb açılacağı haqda yazan qələminin məhsuludur. O Eynəli bəyin ki, hələ 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti” təşkil edərək şəhərin bütün tərəqqipərvər insanlarını bu cəmiyyətin işığına toplamışdı, doğma şəhəri haqda danışanda “Naxçıvanımda” demişdi. Bəli, bu böyük insanın, əsl maarif fədaisinin ən böyük arzularından biri xalqının bütün nümayəndələrini təhsilli görmək idi.
Ömrünü xalqının maariflənməsi yolunda şam kimi əridən insanın arzuları bu gün yerinə yetib. İndi Naxçıvanda təhsilə cəlb olunmayan uşaq yoxdur, hər kənddə, hər şəhərdə ən müasir məktəb binaları istifadəyə verilib, bu bilik məktəbləri texnologiyanın yaratdığı sərhədsiz imkanlardan maksimum şəkildə yararlanırlar. Onlardan biri də ötən ay Şərur şəhərində istifadəyə verilən, öz möhtəşəm görüntüsü ilə şəhərə xüsusi gözəllik verən 2 nömrəli tam orta məktəbin binasıdır. Bu məktəb binası doğma Naxçıvanımızda gələcəyimiz olan uşaqların hərtərəfli böyüməsinə göstərilən diqqətin və təhsilə verilən dəyərin bariz nümunəsidir.
...Ötən ay Şərur şəhərinin sakinlərini övladlarının gələcəyi baxımından çox önəmli bir xəbər sevindirdi; şəhərdə yeni məktəb binası istifadəyə veriləcək. Onların bir çoxunu həm də məktəbin malik olduğu maddi-texniki baza maraqlandırırdı. Bu məktəblə tanışlıq arzusu qısa zamanda yerinə yetdi. Belə ki, martın 27-də təhsilimiz üçün əvəzolunmaz işlər görmüş, səbat və qətiyyət göstərmiş muxtar respublika rəhbərinin iştirakı ilə yeni məktəb binası qapılarını müəllim və şagirdlərin üzünə açdı. Bu tikili istər xarici, istərsə də interyer dizaynına görə məktəbdən daha çox, universitet binasına, akademiya institutlarından birinə bənzəyir. Bu fikirdə olan Şərur şəhərinə gələn qonaqlar da qeyd edirdilər ki, bu bina böyük şəhərlərdəki əzəmətli tikililərdən heç nə ilə fərqlənmir. Həqiqətən də Şərur şəhər 2 nömrəli tam orta məktəbin yeni binası ötən illər ərzində muxtar respublikada təhsil infrastrukturu quruculuğu sahəsində görülən işlərin növbəti əzəmətli bir nümunəsi kimi diqqəti cəlb edir.
Ötən günlərdə həmin məktəbə baş çəkməyi qərara aldıq. Qeyd edək ki, muxtar respublikanın qabaqcıl təhsil ocaqları sırasında olan bu bilik məbədində gələcək perspektiv nəzərə alınaraq 1020 şagirdə elmin sirlərinə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılıb. 5-i elektron lövhəli olmaqla, 50 sinif, müəllimlər üçün geniş otaqlar, 2 şahmat sinfi, tibb otağı, bufet, idman zalı, açıq idman qurğuları və mini-futbol meydançası olan bu məktəblə tanış olanda istər-istəməz ulu öndərimizin “Dövlət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir” fikri yada düşür. Bu bilik məbədinin ən müasir avadanlıq və ləvazimatlarla, dünyanın qabaqcıl ölkələrinin təhsil sistemində tətbiq olunan əyani vəsaitlərlə təchiz edilən kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə ilə təmin olunması gələcəyimiz olan uşaqlara dövlətimiz tərəfindən göstərilən böyük qayğıdan xəbər verir.
Günümüzdə diyarımızın bilik məbədləri qoynunda qiymətli xəzinələrə yer verilib. Bunlar dünyanın min bir sirrini özündə saxlayan kitabların yer aldığı kitabxanalardır. Qonağı olduğumuz Şərur şəhər 2 nömrəli tam orta məktəbin kitabxanasında 8 min 973-ü dərslik, 10 min 245-i isə bədii ədəbiyyat olmaqla, 20 minə yaxın ədəbiyyat toplanılıb. İndi bu hikmət xəzinəsindən hər bir şagird günün istənilən saatında istifadə edə, kitabların sonsuz faydalarından bəhrələnərək mənəvi dünyasını zənginləşdirə bilər. Sovetlər dövründə bir rayon üzrə bu qədər sayda kitab olmadığı halda, indi təkcə bir məktəb kitabxanasında dünyanın müxtəlif ölkələrinin şair və yazıçılarının əsərlərinin bir araya toplanması uşaqlar üçün dünyanın söz və sənət üfüqlərinin sonuna qədər açılmasından xəbər verir. Bəli, bu kitabxana dünyaya açılan geniş bir pəncərədir. Hər bir məktəbli üçün bircə o qalır ki, bu pəncərədən dünyaya boylansın, dünəndən bu günə gələn yolda nələrin baş verdiyindən agah olsun, xalqını, insanları, ən əsası isə özünü tanısın, vətənsevər yetişsin. Səlis nitqə, məntiqə, hərtərəfli biliyə, aydın təfəkkürə, sərbəst düşüncəyə, xoş ünsiyyətə malik bir vətəndaş kimi böyüsün.
Bu gün məktəbdə 4 kompüter otağı, 84 kompüter var, onların internetin sərhədsiz məkanına çıxışı təmin edilib. Yeni texnologiyalar məktəbdə distant tədrisin tətbiqinə və interaktiv dərslərin keçilməsinə də imkan yaradıb. Elektron lövhəli siniflərdə muxtar respublikanın bütün muzeyləri ilə əlaqə qurmaq, keçilən distant dərsləri izləmək üçün hər cür şərait var. Elektron lövhədə şagirdlər müxtəlif fənlərə aid dərsləri əyani şəkildə öyrənirlər. Test tapşırıqları elektron lövhə vasitəsilə şagirdlərə mənimsədilir. Elektron lövhədə mətnlərlə yanaşı, şəkillərin və videomaterialların da göstərilməsi şagirdlərin keçilən dərsi daha yaxşı qavramalarına imkan verir. Təhsil ocağının laboratoriyaları zənginliyi və müasirliyi ilə diqqəti cəlb edir. Dəqiq elmlərin tədrisi zamanı müasir laboratoriyaların imkanlarından istifadə olunması nəzəri biliklərin praktik vərdişlərlə möhkəmləndirilməsinə geniş imkanlar açır.
800-ə yaxın şagirdin təhsil aldığı məktəbdə 120 müəllim çalışır, tədrisin yüksək səviyyədə aparılmasına səy göstərirlər. Onu da qeyd edək ki, bu tədris ilində birinci sinfə 88 şagird qəbul edilib. İndi bu körpə fidanlar geniş və işıqlı siniflərdə bilik dünyasına kövrək addımlarını atır, oxuyur, öyrənirlər. Məktəbin kollektivi nümunəvi fəaliyyəti ilə də göz önündədir. Bunun nəticəsidir ki, ötən il məktəbin məzunlarından 35-i ali məktəbə, 6-sı isə orta ixtisas məktəbinə qəbul edilib. Məzunlardan 8-i 500-700 arası bal toplayıb. Dövlətimiz tərəfindən müəllim əməyinə yüksək qiymət verilir, diaqnostik qiymətləndirmə aparılır, müəllimlər fəxri adlarla təltif olunurlar. Şərur şəhər 2 nömrəli tam orta məktəbin müəllimlərindən 1-i Azərbaycan Respublikasının, 3-ü isə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüb.
Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sevil Hacıyeva ilə məktəbin dəhlizində söhbət edirik. Onu da qeyd edək ki, Sevil Hacıyeva və məktəbin daha bir müəllimi Nəsibə Zeynalova iki sevinci bir arada yaşayıblar. Yeni məktəb binasının istifadəyə verilməsindən sonra hər iki pedaqoqun əməyi muxtar respublika rəhbəri tərəfindən yüksək qiymətləndirilib və onlar fəxri adlara layiq görülüblər. Artıq 30 ildir pedaqoji fəaliyyətlə məşğul olduğunu, ona göstərilən etimada görə minnətdarlığını bildirən Sevil Hacıyeva deyir ki, təhsilin inkişafı gənclərin gələcəyə hazırlanması deməkdir. Əgər muxtar respublikamızda bunun üçün məqsədyönlü tədbirlər görülürsə, biz müəllimlər də yaradılan şərait müqabilində vətənpərvər, təhsilli, yüksək intellektual səviyyəyə malik gənclər yetişdirməliyik. Həm də elə etməliyik ki, hər bir şagird, hər bir məzun onun təhsil alması yolunda çəkilən əziyyətlərin qədir-qiymətini yaxşı bilsin, təkcə bu gün ilə yox, gələcək ilə yaşasın, Azərbaycanın parlaq gələcəyi üçün çalışsın.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nəsibə Zeynalova da onlara ərməğan edilən yeni məktəb binasına və ona verilən fəxri ada görə muxtar respublika rəhbərinə dərin minnətdarlığını bildirərək qeyd etdi ki, bu gün doğma diyarımızda ulu öndərimizin əsasını qoyduğu təhsil siyasəti uğurla davam etdirilir, təhsil infrastrukturu yenilənir, bu da uğurları bərabərində gətirir. Həm də bütün bu işlər muxtar respublikanın blokadada olduğu bir şəraitdə, dünyanı bürüyən iqtisadi böhranın fonunda görülür. Bu isə sübut edir ki, dövlətimiz nəyin bahasına olursa-olsun, xalqımızın gələcəyi olan uşaqların, onların yaxşı təhsil alması üçün gərgin əmək sərf edən təhsil işçilərinin yanındadır. Bu, hər bir müəllimi ruhlandırır, məhsuldar fəaliyyətə sövq edir. Çalışacağıq ki, göstərilən qayğının müqabilində daha yaxşı işləyərək, məktəbimizin uğurlarını artıraq. Şərur şəhər 2 nömrəli tam orta məktəbin nailiyyətləri muxtar respublikanın ümumi orta göstəricisindən yüksəkdir. Ancaq biz bunlarla kifayətlənə bilmərik. Əminəm ki, müəllim və şagirdlər üçün yaradılan nümunəvi şərait bəhrəsini verəcək, qarşıdan gələn qəbul imtahanlarını məktəbimizin məzunları yüksək göstəricilərlə başa vuracaqlar.
Hər səhər övladını bu təhsil ocağına yola salan valideynlərin də yeni məktəb binasının istifadəyə verilməsi ilə bağlı deyiləcək sözü, xoş təəssüratdan doğan fikirləri az deyil. Elə bu səbəbdəndir ki, mətbuat nümayəndəsi olduğumuzu bilib bizə yaxınlaşaraq xoş sözlərini bu işdə əməyi olan hər kəsə çatdırmağı xahiş edənlər də az olmadı. Valideynlərdən Arzu Hüseynova, Zakir Bayramov, İlham Bədəlov, Qulu Quliyev və başqaları övladlarının belə bir məktəbdə təhsil almasından haqlı qürur hissi keçirdiklərini vurğuladılar. Bildirdilər ki, övladlarımızın gələcəyini etibarlı əllərə təslim etdiyimiz üçün arxayınıq və onlar böyüyüb Vətənə, xalqa layiqli övlad olacaqlar.
Bəli, Azərbaycan xalqı tarixi şəxsiyyətlərini, Vətəni üçün çalışan insanları, maarifpərvər ziyalıları heç vaxt unutmur. Çünki onlar bu dünyada bir çoxlarına qismət olmayan əbədiyaşarlıq qazanıblar. Bu haqqı onlara öz əməlləri verib. Bu gün də xalqın gələcəyi üçün çalışanlar, fikirdə, sözdə və əməldə birlik nümayiş etdirənlər, xalqa təmənnasız xidmət göstərənlər, əsl maarifpərvərlər xalqın yaddaşında əbədi yaşayacaqlar.
Səbuhi Hüseynov