Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Şərur şəhərində Naxçıvan Dövlət Universitetinin növbəti yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov Naxçıvan Dövlət Universitetinin ali təhsilli kadrların hazırlanmasındakı əhəmiyyətli rolundan danışıb.
Naxçıvan Dövlət Universitetinin Həmkarlar ittifaqı komitəsinin sədri Elşən Məmmədov çıxışında Naxçıvan Dövlət Universitetinin 50 illik tarixi barədə qısa məlumat verib. Qeyd olunub ki, 1967-ci ildən fəaliyyət göstərən bu ali tədris ocağı muxtar respublikada hərtərəfli dünyagörüşə malik, intellektual səviyyəli gənc nəslin yetişməsində müstəsna əhəmiyyət daşıyır. Universitetin belə yüksək səviyyədə fəaliyyətində dövlət qayğısının böyük rolu var. Bu ali təhsil ocağının məzunları ölkəmizin ictimai-siyasi həyatına öz töhfələrini verirlər.
Vurğulanıb ki, universitet dünyanın 80-dən çox ölkəsinin tanınmış ali təhsil ocaqları ilə dostluq və əməkdaşlıq əlaqələri qurub. Hazırda Naxçıvan Dövlət Universitetində 12 dövlətdən 300-ə yaxın tələbə təhsil alır.
Universitetin Pedaqogika və psixologiya kafedrasının müdiri Vahid Rzayev çıxış edərək vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti yerli kadrların hazırlanmasında mühüm rol oynayan bir ali təhsil müəssisəsidir. Burada yalnız pedaqoji kadrlar deyil, gələcəyin həkim, mühəndis, jurnalist və digər mütəxəssisləri də yetişir. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Şəmil Mahmudov tədbirdə çıxış edərək bildirib ki, rəhbərlik etdiyi fakültədə laboratoriyalar ən son avadanlıqlarla təchiz olunub, tələbə və müəllimlərin rahat təcrübə aparmaları üçün lazımi şərait yaradılıb.
Fizika-riyaziyyat fakültəsinın dekanı Orxan Cəfərov çıxışında fakültənin muxtar respublikanın orta məktəbləri ilə mütəmadi olaraq əlaqə saxlamasından, fakültənin müəllimləri tərəfindən ayda bir dəfə orta məktəblərdə nümunəvi dərslər keçilməsindən danışıb.
Magistratura fakültəsinin dekanı Etibar Məmmədov bildirib ki, bu gün yalnız Naxçıvan Dövlət Universitetinin məzunları deyil, digər universitetlərin məzunları da magistr təhsili üçün bu ali təhsil ocağını seçirlər. Belə ki, Magistratura fakültəsinə 2016-cı ildə 136 bakalavr qəbul olub ki, onlardan da 39-u Azərbaycanın müxtəlif universitetlərinin məzunlarıdır.
Universitet Elmi Şurasının elmi katibi Elçin Zamanlı qeyd edib ki, universitet Elmi Şurasının fəaliyyəti tədris və elmi işlərlə əlaqəlidir. Naxçıvan Dövlət Universiteti yüksək elmi potensiala malikdir.
Sonda “Naxçıvan Dövlət Universitetinin inkişaf yolu” adlı film nümayiş olunub.
Fatma Babayeva