23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının III və IV kurs tələbələri ilə görüş keçirilib.

Tədbiri rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov açaraq bildirib ki, bu gün muxtar respublikada ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yüksək intellektual səviyyəyə və praktik iş qabiliyyətinə yiyələnmələri daim diqqət mərkəzində saxlanılır. Təhsilin inkişafı, tələbələrin nəzəriyyə ilə yanaşı, təcrübi biliklərə yiyələnmələri, ən əsası isə müxtəlif sahələr üzrə peşəkar kadrların hazırlanması işində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, həmin sərəncamla Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin bir sıra ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Bununla əlaqədar müasir rabitə sistemində texnoloji yeniliklərin, poçt işinin və yeni texnologiyaların tətbiqi ilə görülən işlərin üstünlükləri praktik olaraq tələbələrə çatdırılır. Məqsəd gələcəkdə muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, təhsil illərindən başlayaraq onların ixtisas sirlərinə dərindən yiyələnmələri, eyni zamanda bu sahənin müasir cəmiyyətdə nə qədər lazımlı, ehtiyac duyulan sahə olduğunu tələbələrə aşılamaqdır.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sektor müdiri Asif İsayev, nazirliyin aparıcı məsləhətçiləri Hüseyn Əsgərov və Hüsniyyə Rəcəbova çıxış edərək bildiriblər ki, Naxçıvan Dövlət Universitetinin hamiliyə verilən müvafiq ixtisaslarında təhsil alan tələbələri hər il ənənəvi olaraq nazirlikdə istehsalat təcrübəsi keçirlər. Növbəti istehsalat təcrübəsi müddətində tələbələr nazirliyin müxtəlif şöbələrində və struktur bölmələrində əyani işlə tanış olub, praktik işlərə cəlb edilib. Onlara ümumilikdə, nazirliyin iş prinsipi, onun struktur bölmələri, muxtar respublikamızda yeni texnologiyaların tətbiqi barədə məlumatlar verilib.
Diqqətə çatdırılıb ki, tələbələr efirə nəzarət, radio və televiziya vericiləri, elektron təhlükəsizlik bölmələri, bununla yanaşı, poçt-rabitə sistemi haqqında ilkin məlumatlara yiyələnib, muxtar respublika ərazisində yayımlanan radio və televiziya kanallarının yayım xəritələri ilə tanış olublar. Bundan əlavə, tələbələr kiber cinayətkarlıq, onların qarşısının alınması üsulları ilə bağlı praktik biliklərə yiyələnib, “Colvir” proqramının iş prinsipi ilə tanış olub, sözügedən proqram vasitəsilə aparılan əməliyyatlar və onların yerinə yetirilməsi qaydalarını öyrəniblər.
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov və istehsalat təcrübəsində iştirak edən müəllim və tələbələr yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov yekun vurub.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR