23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Texniki Kollecində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə hamiliyə verilmiş Nəqliyyatda daşımaların təşkili ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq muxtar respublikada yol-nəqliyyat infra­strukturunun genişləndirilməsi istiqamətində görülən işlərdən, nəqliyyat sektorunun inkişafının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən, dəmir yolu nəqliyyatında daşınmaların günün tələbləri səviyyəsində reallaşdırılmasında ixtisaslı kadrların rolundan danışıb. Qeyd edib ki, Naxçıvan bu gün blokada şəraitində yaşayır. Lakin blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir, bu sahə daim işlək vəziy­yətdə saxlanılır. Naxçıvanın işğalçı ölkə ilə sərhəddə yerləşməsi dəmir yolu nəqliyyatının inkişafını zəruri edir. Bu gün muxtar respublikada daxili yük və sərnişin daşınmalarının həyata keçirilməsində dəmir yolunun imkanlarından geniş istifadə olunur.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə cəmiyyətin fəaliyyəti üçün müasir iş şəraitinin yaradıldığını, vağzal binalarının, stansiyaların idarəetmə mərkəzlərinin, digər inzibati və yardımçı binaların əsaslı təmir olunduğunu diqqətə çatdırıb.

Mahir Əliyev deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı”nın icrasının uğurla yekunlaşdırılması muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafında yeni mərhələnin əsasını qoyub. Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması dəmir yolunun iqtisadi potensialını xeyli artırıb. Bundan başqa, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi, beləliklə, ölkə­nin əsas hissəsi ilə dəmir yolu əlaqəsinin bərpa edilməsi yeni perspektivlər, yeni imkanlar yaradacaq. Təbii ki, bu mərhələdə ixtisaslı kadrlara olan tələbat daha da artacaq. Muxtar respublikada dəmir yolu nəqliyyatı sahəsində ixtisaslı kadrlara olan tələbatın ödənilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara ­hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən ali və orta ixtisas məktəblərində müvafiq ixtisaslar “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli ­Cəmiyyətinə hamiliyə verilib. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan Dövlət Texniki Kollecində Nəqliyyatda daşımaların təşkili ixtisası üzrə yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə zəruri maddi-texniki baza yaradılıb, Naxçıvan Dövlət Universitetində Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan audi­toriya istifadəyə verilib. Hazırda Texniki Kollecin dörd tələbəsi dəmir yolu sahəsində çalışır, əməkhaqqı alırlar. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarından bir neçəsi kollecdə pedaqoji fəaliyyət göstərir. Kollec tələbələrinin istehsalat təcrübəsini yüksək səviyyədə keçirmələri üçün də cəmiyyət tərəfindən hərtərəfli şərait yaradılıb. Bütün bu görülən işlər muxtar respublikada gənclərin öz ixtisaslarına dərindən yiyələnməsi, onların məşğulluq məsələlərinə həssaslıqla yanaşılmasının bariz nümunəsidir.
Sonra “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı və kollecin müəllimi Polad Hüseynovun, hazırda dəmir yolu sahəsində çalışan kollecin Nəqliyyatda daşımaların təşkili ixtisası üzrə IV kurs tələbələrindən Nihad Cəfərovun, Aylin Ələkbərovanın çıxışları olub.
Tədbirə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov yekun vurub.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR