AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda 22 may – Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar elmi konfrans keçirilib.
Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi ilə birgə keçirilən tədbiri bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov açıb. Akademik biomüxtəlifliyin mövcud vəziyyəti barədə danışıb, ölkədə bioloji müxtəlifliyin qorunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən, bölmənin Bioresurslar İnstitutunun apardığı tədqiqatlardan ətraflı bəhs edib.
Sonra institutun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, dosent Varis Quliyevin “Naxçıvan Muxtar Respublikasının meyvə və giləmeyvə bitkilərinin biomüxtəlifliyinin ərzaq təhlükəsizliyinin təminatında rolu”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyevin “Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunması”, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan müavini, dosent Hilal Qasımovun “Naxçıvan Muxtar Respublikasının biomüxtəlifliyində yabanı tərəvəz bitkilərinin rolu” mövzusunda məruzələri dinlənilib.
Daha sonra Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, professor Əliyar İbrahimov, dosent İsmayıl Məmmədov, dosent Ənvər İbrahimov, Zooloji tədqiqatlar şöbəsinin müdiri, dosent Akif Bayramov və Torpaq ehtiyatları laboratoriyasının müdiri Sahib Hacıyev çıxış edərək Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunması istiqamətində görülən işlərdən söz açıblar.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi