AMEA Naxçıvan Bölməsinin əməkdaşları 2011-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müsabiqələr yolu ilə həyata keçirdiyi qrant layihələrində iştirak edirlər. Əməkdaşlar Azərbaycan elminin inkişafına dəstək verən Fondun qrant müsabiqələrində elmin müxtəlif istiqamətləri üzrə 16 qrant layihəsinin qalibi olublar. Məlumat üçün qeyd edək ki, ötən il qalib olan qrant layihələri çərçivəsində 3 monoqrafiya işıq üzü görüb.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova da fondun qrant müsabiqələrində iştirak edən gənc alimlərdən biridir. Onun təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən yeni yüksək temperatura davamlı istilik izolyasiya materiallarının, seolitlərin alınma metodlarının işlənilməsi” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Uğurlu layihələr bölməsində yer alıb.