23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmiz dövlət müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, təhsildə də xeyli irəliləyişlər əldə edilib. Təhsil ocaqları üçün müasir standartlara cavab verən yeni binalar tikilib, yararsız binalar əsaslı surətdə yenidən qurulub. Bunu muxtar respublikamızın timsalında da görmək mümkündür. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son illər ərzində regionda 200-dən artıq təhsil müəssisəsi üçün bina tikilib və ya əsaslı şəkildə yenidən qurulub, onlar ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Həmin texnologiyalardan səmərəli istifadə təmin edilib. Sevindirici haldır ki, sovet dönəmindən fərqli olaraq, indi paytaxt Naxçıvan şəhərindəki məktəb binası ilə ən ucqar dağ kəndindəki təhsil ocağının binası arasında heç bir fərq yoxdur. Bütün bunlar isə tədrisin səviyyəsinin yüksəldilməsinə imkan verib. Elə bunun nəticəsidir ki, son illərdə ali məktəblərə qəbulun keyfiyyət göstəricisi xeyli yaxşılaşıb. 

Ötən günlərdə Ordubad şəhər 3 nömrəli tam orta məktəbdən yazı hazırlamaq üçün həmin təhsil ocağına gedərkən yolboyu xəyalımda sovet dövründə muxtar respublikada fəaliyyət göstərən məktəblərin vəziyyəti haqqında yaşlı adamlardan eşitdiklərimi canlandırmağa çalışırdım. Onlar deyirdilər ki,O dövrdəki məktəblərdə tələblərə cavab verməyən sinif otaqları, köhnəlmiş tədris avadanlıqları şagirdlərin yaxşı təhsil almasına imkan vermirdi.

Qış günlərində vəziyyət daha da gərginləşirdi. Tədris məşğələlərində fasilələrə yol verilirdi. Bu vəziyyətdə tədrisin səviyyəsindən danışmağa dəyməzdi. O zaman muxtar respublikada müasir tələblərə cavab verən məktəb binaları çətin tapılırdı. Fərəhləndirici haldır ki, gələcəyimiz olan uşaqlar bu gün təkcə Naxçıvan şəhərində deyil, ən ucqar dağ kəndlərində belə, müasir məktəb binalarında, yeni təhsil metodlarının tətbiq edildiyi sinif otaqlarında oxuyur, dərsliklərlə pulsuz təmin olunurlar. Müəllimlərin və şagirdlərin ixtiyarına zəngin laboratoriyalar verilib. Tədris ocaqlarında fəaliyyət göstərən kitabxanalar da tam tələblərə uyğun kitablarla komplektləşdirilib. Elə Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə gördüklərim də bu qənaətə gəlməyə əsas verir. Məlumat üçün bildirək ki, məktəb 1964-cü ildə fəaliyyətə başlayıb. Köhnə bina yararsız olduğundan məktəb üçün yeni bina inşa edilərək 2015-ci il martın 29-da istifadəyə verilib.
Məktəbin direktoru Əliağa Rzayev söhbətə Ali Məclis Sədrinin məktəbin yeni binasının açılış mərasimində müəllimlərlə görüşündə dediyi ­fikirlərlə başladı: “Ordubad tarixən Azərbaycanın elm və təhsil mərkəzi olmuşdur. Bu torpaq böyük mütəfəkkirlər yetişdirmişdir. Görkəmli maarifçi-alim Məhəmməd Tağı Sidqi ilk dəfə Ordubad şəhərində dünyəvi məktəb yaratmış, gənc nəslin təhsil alması qayğısına qalmışdır. Bu ənənə müasir dövrdə də davam etdirilməlidir. Məktəb binasında yaradılan şərait gənclərin yaxşı təhsil almasına və hərtərəfli böyüməsinə hesablanmışdır. Müəllimlər bu imkanlardan səmərəli istifadə etməli, vətənpərvər və savadlı gənclər yetişdirilməlidir”. Təhsil ocağı fəaliyyətini məhz muxtar respublika rəhbərinin tövsiyələri əsasında davam etdirir.
Əliağa Rzayev bildirdi ki, 810 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Binanın həyətində müxtəlif idman qurğuları quraşdırılıb, abadlıq işləri görülüb, gülkarlıqlar yaradılıb. Şahmat otağında şagirdlər şahmatın sirlərinə yiyələnir, geniş idman zalında isə müxtəlif idman növləri ilə məşğul olurlar. Təhsil ocağının hərbi kabinəsi əyani tədris vasitələri ilə təchiz edilib. Məktəbin kitabxana fondunda 19 mindən artıq kitab vardır. Burada şagirdlərin bilik və maraqlarına uyğun tədbirlərin keçirilməsi, onların fəal mütaliəyə cəlb olunması üçün lazımi şərait yaradılıb. Məktəbin müəllimləri məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkilinə xüsusi diqqət yetirir, şagirdlər arasında müxtəlif viktorinalar, bilik yarışları, müsabiqələr təşkil edilir. Bütün bunlar şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasına, onların Vətənə layiqli vətəndaş kimi formalaşdırılmasına, şagirdlərin dövlətçiliyimizə, milli və mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmalarına xidmət edir.
Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verib. Məktəbdə 57 kompüter quraşdırılıb və internetə qoşulub. Elektron lövhəli siniflər isə keçilən dərslərin əyaniliyini təmin edir. Belə ki, şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini elektron lövhədə izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə köməklik edir. Yaradılan imkanlar məktəbdə təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb. Təhsil ocağında dərsdən sonra da şagirdlərin hazırlığı ilə məşğul olmaq üçün onları fakültativ məşğələlərə cəlb etmək diqqətdə saxlanılır.
Hər il keçirilən qəbul imtahanlarında məktəbin yüksək nəticələr göstərməsi bunu bir daha təsdiqləyir. Bu baxımdan 2016-2017-ci tədris ilini də uğurlu hesab etmək olar. Belə ki, ötən tədris ilində məktəbi 28 məzun bitirib. Onlardan 21-i imtahanlarda yaxşı nəticə göstərərək tələbə adını qazanıb. Həmin abituriyentlərdən 9 nəfəri 500-700 intervalında bal toplayaraq müəllimlərinin etimadını doğruldublar.
Məktəbin kitabxanaçısı Kəmalə Seyidova bildirdi ki, son illər şagirdlər arasında mütaliəyə maraq xeyli artıb. Gün ərzində onlarla şagird kitabxananın xidmətindən istifadə edir. Ali Məclis Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı kitabxana işi ilə məşğul olanlara və mütaliəsevərlərə ən dəyərli töhfədir. Kitabxanada siyahıda yer alan həmin kitablardan ibarət guşə yaradılıb.
Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı və əməli fəaliyyət mühüm rol oynayır. Hazırda məktəbdə 558 şagirdin təlim-tərbiyəsi ilə 73 müəllim məşğul olur. Təhsil ocağının pedaqoji kollektivi şagirdlərin adlarının tələbələr sırasında olması üçün var qüvvəsi ilə çalışır. Bu təhsil ocağı 2013-cü ildə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. Məktəbdə Azərbaycan Respublikasının Əməkdar müəllimi Səkinə Tağıyeva, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Nəzakət Əliyeva, “Tərəqqi” medalı ilə təltif edilmiş Sura Əliyeva ilə həmsöhbət oldum. Onlar bildirdilər ki, müasir məktəb binasında yaradılan şərait gələcəyimizə göstərilən qayğının ifadəsidir. Müasir tədris şəraiti məktəb kollektivini daha səylə çalışmağa, xalqımız və dövlətimiz üçün savadlı gənclər yetişdirməyə ruhlandırır.
Əldə olunan nailiyyətlər belə qənaət yaradır ki, məktəbin uğurları bundan sonra da artacaq, bu təhsil ocağı muxtar respublikada təhsilin inkişafına öz töhfələrini verəcək.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR