(esse)
Üç ay boyunca Günəşin hamıdan erkən oyandığı, dəcəl uşaqların bir-birindən şən və əyləncəli keçirdiyi günlər – yay tətili, nəhayət ki, bitdi. Təzə-təzə öz qızıl libasına ürpələnən ağacların qızmar istidən sonra sanki rahat nəfəs aldığı geniş xiyabandan uşaqlardan kiminin əl-ələ, kiminin də qaçdı-qovdu oynaya-oynaya, dəstə-dəstə tələsərək keçdiyi yol bu gün çox qələbəlik idi. Balacalarla birgə böyüklərin də hər gün keçib getdiyi bu yolun çoxlarının yaddaşında bir hekayəsi var. Kimdən soruşsan, ürəyində hələ uşaqkən, ata-anasının, əmi-dayısının əlindən tutub təmtəraqla ilk dəfə bu məktəbə gətirdiyi həmin gündən mütləq bir xatirə canlanacaq. O gündən illər keçdi və bir də baxdıq ki, bir vaxtlar, bəlkə də, özü ağırlığındakı çantasını təzəcə ütülənmiş ağ köynəyinin üstündən çiyninə salıb, kimi könülsüz, kimi də həmişəkindən daha şən məktəbə tələsən uşaqlarmışıq sən demə. “Kaş ki o günlər bir də olsaydı, biz də bu uşaqlar kimi qayğısız, şən məktəbə yollansaydıq”, – deyənlər çoxdur bu gün. Bu yoldan kimlər keçmədi ki? Məktəbdə ilk zəng gününün izdihamına, səs-küyünə alışa bilməyib valideynlərinin ardınca ağlayanlar da, elə birinci gündən hamı ilə dil tapıb gələcək sinif yoldaşları ilə dostlaşanlar da. İlk dərs günü bilməyərəkdən müəlliməsini anasının adı ilə çağıranlar da, birinci tənəffüsdən sonra öz siniflərini qonşu birincilərlə çaş-baş salanlar da buradan keçiblər. ...Amma həmin günün sonunda əvvəlki görkəmi olmasa da, hamı yenə bu yoldan keçib həmin məktəbdən evə qayıtmışdı.
Beləcə, bu məktəb yolu şəhərimizin qaynar axınında özünə yolyoldaşı tapıb gələcəyini, bəlkə də, bütün taleyini bu yola bağlamış yüzlərlə, minlərlə insanın həyat yoluna işıq tutdu. Bu insanlar yazın ilıq nəfəsində də, qışın soyuq sazağında da eyni sevgiylə hər gün bu yolu seçdilər. Uğurları ilə müəllimlərinin sevimlisi də oldular, dəcəllikləri, tənbəllikləri ilə danlaq daşı da. Amma yetkinləşib, kamil insan kimi müstəqil həyata atılanda onların hamısı hər bir övladına qucağını açan müstəqil Azərbaycan dövlətində özlərinə yer tapdılar. Onlardan kimisi yenidən bu dəfə müəllim kimi bu yola qayıtdı, kimisi daşı daş üstə qoyub yeni məktəb tikdi, kimisi də öz yolunu mübarizlərin səfinə qatıb Vətəninin keşiyində dayandı. Zaman ötdükcə yollar da şaxələndi, hər kəs taleyinə yazılmış öz yolunda qismətini aradı. Ancaq hara düşsək də, kimə tuş gəlsək də, ana südü, ata nəsihəti qədər ürəyimizə təpər, zəkamıza işıq tutan bir yol həmişə bizimlə oldu. Bu, bizim işıqlı, müqəddəs məktəb yolumuzdur.
Əli CABBAROV