AMEA Naxçıvan Bölməsində görkəmli alim və ictimai xadim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyinə həsr edilən elmi konfrans olub.
Tədbir Naxçıvan Dövlət və “Naxçıvan” universitetləri, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyev “Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 27 iyul tarixli Sərəncamı ilə “Akademik Həsən Abdullayevin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq olunub. Elmi konfrans da həmin sərəncama əsasən keçirilir.
“Görkəmli alim və elm təşkilatçısı” mövzusunda məruzə edən bölmə sədri Həsən Abdullayevin zəngin elmi fəaliyyətinə qısa nəzər salıb. Bildirilib ki, görkəmli alim Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib. O, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərib, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaradıb. Akademik İsmayıl Hacıyev alimin uzun illər Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutuna rəhbərlik etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ömrünün çoxunu yarımkeçiricilər fizikasına həsr edən Həsən Abdullayev15 monoqrafiyanın, 250-dən artıq ixtira, o cümlədən 500-dən çox elmi məqalənin müəllifi olub. O, ABŞ-da, Yaponiyada, Rusiyada və digər ölkələrdə keçirilən beynəlxalq konfranslarda ölkəmizi təmsil edib.
Diqqətə çatdırılıb ki, Həsən Abdullayev Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkilinə mühüm töhfələr verib.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun “Akademik Həsən Abdullayev Azərbaycan elminin intibahı”, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin “Azərbaycanda astronomiya elminin və seysmologiya mərkəzlərinin inkişafında akademik Həsən Abdullayevin rolu” və Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının müdiri, dosent Fərman Qocayevin “Akademik Həsən Abdullayev Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisidir” mövzusunda məruzələri dinlənilib. Çıxış edənlər Həsən Abdullayevin zəngin elmi fəaliyyətindən söz açıblar.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi