Vətənimizə layiq gənclər olacağıq
“İstənilən uğurun sirri özünəinam, məsuliyyət və səbirdədir”, – deyən Elvariz Məmmədov bu il ali məktəblərə qəbul imtahanlarında II qrup üzrə 695 bal toplayaraq tələbə adını qazanan abituriyentlərimizdəndir. Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya göz açan Elvariz Məmmədov 2007-ci ildə həmin qəsəbədəki tam orta məktəbin birinci sinfinə daxil olub. Öz bacarığı, qabiliyyəti ilə məktəbin sevimlisinə çevrilən bu şagirdin nailiyyət qazanmasında müəllimlərinin də əməyi danılmazdır. Orta təhsilini başa vurduğu Qıvraq qəsəbə tam orta məktəbinin direktoru Mahmud Cavadovun dediyinə görə, təhsil ocağının müəllimləri Elvarizdə istedad və elmə olan sonsuz marağı hələ kiçik yaşlarından hiss ediblər. O deyir ki, Elvariz məktəbdə keçirilən bütün bilik yarışlarında və tədbirlərdə aktivliyi ilə seçilib. 2016-2017-ci illərdə iştirak etdiyi respublika fənn olimpiadası üzrə “Gümüş”, həmçinin 2017-ci ildə “Ölkəmizi tanıyaq” layihəsi üzrə Bakıda keçirilən bilik yarışında “Qızıl” medal qazanıb. Bundan əlavə, dəfələrlə olimpiadalarda iştirak edib və mükafatlara layiq görülüb.
Ailəsinin fəxri olan bu tələbənin valideynlərilə söhbət zamanı öyrəndik ki, onlar sadə peşə adamlarıdır. Elvarizin atası deyir ki, istər mən, istərsə də həyat yoldaşım ali təhsil ala bilmədiyimiz üçün ürəyimizdə qalan bu arzumuzun övladlarımız tərəfindən gerçəkləşdirilməsini istəmişik. Onların təhsil almaları, cəmiyyətə layiqli fərd kimi yetişmələri üçün əlimizdən gələni əsirgəməmişik. Şükür Allaha, onlar da bu arzumuzun yerinə yetməsi üçün səylə çalışıblar. Rza Məmmədov deyir ki, böyük oğlum kimi, Elvariz də hələ kiçik yaşlarından vaxtını təhsilə, mütaliəyə həsr edib. Bilik və dünyagörüşünü artırmaq üçün kitablar onun ən yaxın sirdaşı olub. Elə Elvarizin uğur qazanmasının başlıca səbəblərindən biri də mütaliəni sevməsi olub.
Bəlkə də həyatındakı ilk ən böyük nailiyyətilə müəllim və valideynlərinin sevincinə səbəb olan Elvariz Məmmədovla da söhbət etdik. Onun dediklərindən: – Düşünürəm ki, uğur qazanmaq üçün öncə hədəfin olmalı, qarşına real məqsəd qoymalısan. Təbii ki, bunun üçün təhsil başlıca şərtdir. Həyatda qalibiyyət qazanmağın yolu bilikdən, elmdən keçir. Digər tərəfdən, istənilən uğurun sirri özünəinamdır. Öz gücünə, ağlına, iradənə inanmalısan. İnam və hədəf olandan sonra, məncə, heç bir qüvvə insanın qarşısını ala bilməz. Bu gün həyatda tətbiq etdiyimiz bütün yeniliklər nə vaxtsa reallaşacağına inandığımız xəyallardır. Buna görə də insan daim öz üzərində çalışmalı, uğur qazanmaq üçün bütün çətinliklərdən keçməlidir. Onu da qeyd etməliyəm ki, bu gün muxtar respublikamızda təhsilin inkişafı üçün böyük işlər görülür. Hər il yeni məktəb binaları tikilir, təhsil ocaqları müasir tədris avadanlıqları ilə təmin olunur. Mənim orta təhsil aldığım məktəbdə də tədrisin yüksək səviyyədə qurulması üçün hərtərəfli şərait yaradılıb. Yəni demək istədiyim odur ki, müasir dövrdə şagirdlərin yaxşı oxumaması üçün heç bir səbəb yoxdur.
Elvariz Məmmədov deyir ki, bu il tam orta təhsili nailiyyətlərlə başa vuran bir qrup məzuna “Qızıl” və “Gümüş” medallar təqdim olunub. Mən də onlardan biriyəm – “Qızıl” medala layiq görülmüşəm. Elə bu etimadı da doğruldaraq qəbul imtahanında 695 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyat fakültəsinə qəbul olunmuşam. Bu, mənim həyatdakı ilk əhəmiyyətli uğurum və ən böyük qazancımdır.
Müsahibimiz söhbətinin sonunda avqust ayının 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanında yüksək bal toplamış tələbələrlə görüşündə dediyi fikirləri bir daha səsləndirdi: “Ulu öndərimizin müəyyənləşdirdiyi vəzifələr Vətənə layiqincə xidmət etməyin və əsl vətəndaş kimi yetişməyin yoludur. Hər bir gənc harada təhsil almasından, yaşamasından və işləməsindən asılı olmayaraq, ölkəmiz haqqında düşünməli, öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçməlidir”. Mən də çalışacağam ki, göstərilən etimadı doğruldum, Azərbaycan gəncliyinin adına layiq olum. Biz də həmsöhbətimizi qazandığı uğura görə təbrik edir, ona ali təhsilində müvəffəqiyyətlər arzu edirik.
Onu da deyək ki, 2018-2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama əsasən Elvariz Məmmədov da Prezident təqaüdünə layiq görülüb. Bu, onun ikiqat sevincinə səbəb olub. Bu sərəncamın intellektual gəncliyə göstərilən böyük dövlət qayğısı olduğunu söyləyən Elvariz həmin təqaüdlə yeni elmi nəşrlər, əlavə dərslik və dərs vəsaitləri alaraq ixtisasını mükəmməl mənimsəməyə çalışacağını bildirdi.
Bəli, elm ucu-bucağı görünməyən sərhədsiz ümmandır. Alimlər, müdrik insanlar bu ümmandan nə qədər bəhrələnsələr də, onun xəzinəsi tükənməyib, əksinə, elm dəryası daha da dərinləşib, saflaşıb. Zaman ötüb keçir, ustad Nizaminin səkkiz əsr əvvəl dediyi kəlam isə yaşayır və yaşayacaq:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz…
Sevindirici haldır ki, muxtar respublikamızda təhsilə, elmə böyük əhəmiyyət verən gənclərimiz ilbəil çoxalır. Hər il ali təhsil müəssisələrinə qəbul olan məzunlar içərisində 500-700 arası bal toplayanların sayı artır. Bu isə hər birimizin gələcəyə nikbin baxmağına inam yaradır.
Gülcamal TAHİROVA