23 Dekabr 2024, Bazar ertəsi

Müasir dövrdə ölkəmizin tarix və mədəniyyətinin, təbiətinin, milli və mənəvi dəyərlərinin, görkəmli şəxsiyyətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi baxımından vətəndaşlarımızın, xüsusilə gənc­lərimizin xarici dil bilməsi zəruridir. Sevindirici haldır ki, bu gün təkcə yeniyetmə və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də dünyada geniş yayılmış ingilis, fransız, alman, ispan, rus və digər dilləri öyrənməyə can atdıqlarının şahidi oluruq. Bəs bu gün muxtar respublikamızda xarici dilləri öyrənməyə olan maraq hansı səviyyədədir?

Bununla bağlı əvvəlcə “İstedad XXI əsr” hazırlıq kurslarının direktoru Elbrus İsayevlə həmsöhbət olduq və müsahibimizdən rəhbərlik etdiyi kurslarda fəaliyyət göstərən xarici dil tədrisi qrupları haqqında fikirlərini öyrəndik. Elbrus müəllim bildirdi ki, “İstedad XXI əsr” hazırlıq kurslarının fəaliyyət istiqamətlərindən biri də xarici dillər üzrə danışıq qruplarıdır. Hansı ki bu qruplar kursda artıq 4 tədris ilidir, fəaliyyət göstərir. Burada xarici dil hazırlığı, əsasən, ingilis, rus, fransız və alman dillərində aparılır. Qruplarda müxtəlif kateqoriyalardan olan dinləyicilər iştirak edir. Onlar həm müxtəlif ixtisas üzrə hazırlaşan abituriyentlər, həm tələbələr, həm də 3-14 yaşlı uşaqlardır. Burada hər kateqoriya üçün xüsusi proqramlar hazırlanıb və müraciət edən dinləyicilərə dərslər elə həmin proqramlar əsasında keçilir. Tədris müəssisəsində adıçəkilən xarici dillər üzrə qrammatik biliklər öyrədilir, həm də danışıq qrupları təşkil olunur. Xarici dillər üzrə kurslar 4 əsas bacarığın – danışıq, dinləmə, yazma və oxumanın inkişafına yönəldilib. Kurslar ən müasir metodlardan istifadə etməklə xüsusi proqramlar və CD/DVD materialları əsasında keçilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Dərslər iştirakçıların seçiminə əsasən fərdi və kiçik qruplar şəklində təşkil olunur. Kursa danışıq üçün müraciət edənlər danışıq, qrammatikanı öyrənmək istəyənlər isə qrammatika ağırlıqlı qruplara cəlb olunurlar.

Öyrəndik ki, kursda “İstedad-Kids” qrupları da fəaliyyət göstərir. Bu da məktəbəqədər uşaqlara biliklərin aşılanmasına xidmət edir. Burada 4-10 yaş qrupu üzrə həftənin iki günü 10 ay müddətində dinləmə və izləmə ağırlıqlı ingilis və rus dili tədrisinin qeydiyyatı aparılır. Bu kursu digərlərindən fərqləndirən başlıca xüsusiyyət dərslərin hər bir mövzuya uyğun olaraq hazırlanan audio və video vəsaitlər, interaktiv oyunlar, yerli ekskursiyalar, ingilis və rus dilində hazırlanmış səhnəcik­lər şəklində keçilməsidir. Bu da uşaqların xarici dilləri mükəmməl öyrənmələrinə imkan verir.
Xarici dillərin mənimsədilməsi, öyrədilməsi zamanı müxtəlif qabaqcıl layihələrin təcrübəsindən istifadə olunur. Dərslər Kembric Universitetinin “Kids preschool” pro­qramı əsasında, beynəlxalq sertifikatlara malik peşəkar müəllimlər tərəfindən aparılır.
Elbrus İsayev onu da qeyd etdi ki, dil öyrənmək və onu təkmilləşdirmək üçün nəzəri biliklər kifayət etmir. Bunun üçün mühit və təcrübə ən yaxşı vasitədir. Bu səbəbdən mərkəzimizdə daimi şəkildə peşəkar müəllimlər tərəfindən təşkil olunan danışıq klubları da fəaliyyət göstərir. Həmçinin kursda diskussiya və danışıq (conversitation) klubları təşkil edilib. Burada tədris olunan dillərin təcrübi cəhətdən möhkəmləndirilməsi istiqamətində işlər aparılır.
Müsahibimiz diqqətə çatdırdı ki, xarici dil kurslarının keçirilmə müddəti istəyə və proqrama uyğun təşkil olunur. Burada 3 aydan 2 ilə qədər müxtəlif proqramlar var ki, bunlar da dinləyicinin özünün göstərdiyi nəticələrə görə nəzərə alınır. Dərslər həftənin müəyyən günlərində qrafik əsasında keçilir. Eyni zamanda kursda müxtəlif dövlət qurumlarının sifarişlərinə uyğun olaraq həmin müəssisələrin işçiləri üçün də dil kursları təşkil edilir və dərslər onların fəaliyyət göstərdiyi sahələrə uyğun şəkildə tədris olunur.
Mövzuyla əlaqədar müraciət etdiyimiz digər müsahibimiz isə Naxçıvan Muxtar Respublikasının Gənc­lər Fondunun əməkdaşı Arzu Qasımov oldu. Arzu müəllim bildirdi ki, artıq bir neçə ildir, Gənclər Mərkəzində fondun təşkilatçılığı ilə ingilis, rus və fransız dilləri üzrə danışıq kursları fəaliyyət göstərir. Bu kursların başlıca məqsədi gənclərimizə günün zəruri tələbi olan xarici dilləri öyrətmək və həmin dillərdə danışıq qabiliyyətlərini inkişaf etdirməkdir. Müsahibim onu da qeyd etdi ki, kurslar müasir informasiya-kommunikasiya texnologiyaları və xarici dillərin tədrisi üçün lazım olan avadanlıqlarla təmin edilmiş linqafon kabinələrdə həyata keçirilir. 2014-cü ildən bəri fəaliyyət göstərən kursa ötən müddət ərzində 1800-ə yaxın gənc cəlb olunub. Onlardan 489-u dərslərdə iştirak edib, 181-i kursda göstərdiyi müvəffəqiyyətə görə xüsusi sertifikatlarla mükafatlandırılıb. Bundan əlavə, xarici dil kurslarına muxtar respublikamızda fəaliyyət göstərən muzeylərin bələdçilərinin də cəlb olunması diqqət mərkəzində saxlanılıb. Fəaliyyətə başladığı dövrdən indiyədək 23 muzey bələdçisi kurslarda iştirak edib.
Öyrəndik ki, burada kursların müddəti 5 aydır və həftədə üç dəfə, bir saat yarım olmaqla tədris edilir. Kursun sonunda isə iki mərhəldən ibarət imtahan təşkil olunur. Birinci mərhələdə yazı və şifahi nitq vərdiş­ləri, ikinci mərhələdə isə bütün pro­qramı əhatə edən elektron imtahanlar aparılır və bu imtahanları müvəffəqiyyətlə keçənlərə sertifikatlar təqdim olunur.
Mövzu ilə əlaqədar “Naxçıvan” Universitetində fəaliyyət göstərən “İdrak” hazırlıq kursuna da müraciət etdik. Kursun müəllimi Könül Babayevanın dediklərindən: “Müasir dövr hər bir insanın ən azı bir xarici dil bilməsini şərtləndirir. Bu səbəbdən muxtar respublikamızda hazırda dil öyrənməyə maraq göstərənlərin sayı kifayət qədərdir. Elə bunun nəticəsidir ki, şəhərimizdə çox sayda dil kursları fəaliyyət göstərir. “İdrak” hazırlıq kursu da gənclərin dil öyrənməyə maraqlarını nəzərə alaraq bu vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Kursa müraciət edənlərdən kimisi öz karyerasını inkişaf etdirmək, kimisi səyahət, kimisi də fərqli mədəniyyətlərlə tanış olmaq məqsədilə xarici dil öyrənməyə meyilli olur. Xarici dilə marağı olan gəncləri bir arada toplayan “İdrak” hazırlıq kurslarında interaktiv və komporativ metodlardan istifadə edilir. Xüsusi innovativ proqramlar əsasında tədris edilən dərslər diskussiyalar şəklində öyrədilir. Kursda, həmçinin xaricdə təhsil konsultasiya mərkəzi də fəaliyyət göstərir ki, tələbələrimizə təqaüd proqramları ilə xaricdə təhsil alması, viza və sənəd hazırlanması prosesində də dəstək olur. Ayda bir dəfə olmaqla danışıq (conversitation) klub və film günü təşkil olunur. Say etibarilə nəzər saldıqda kursda daha çox tələbat ingilis dilinədir.
Qeyd edək ki, xarici dil kursları yuxarıda adını çəkdiklərimizlə məhdud­laşmır. Bu gün beynəlxalq dilləri muxtar respublikamızda həm qrup, həm də fərdi şəkildə öyrənmək üçün geniş imkanlar mövcuddur. Bu, gənclərin xarici dilləri öyrənmələrinə əlverişli şərait yaradır.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR