Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2017-2018-ci tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara “Qızıl” və “Gümüş” medalların təqdimatı keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov “Qızıl” və “Gümüş” medallarla təltif olunan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışıb. Bildirilib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi üçün binalar istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib, məktəblər ən müasir informasiya texnologiyaları, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunub. Həmçinin elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılıb. Hazırda da bu sahədə işlər davam etdirilir.
Nazir qeyd edib ki, muxtar respublikada aparılan dövlət siyasətinin nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda ilbəil artım tempi müşahidə olunur. 2017-2018-ci tədris ili üzrə ali məktəblərə qəbul olan məzunların 331-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplayıb.
Vurğulanıb ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə seçilən, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər “Qızıl” və ya “Gümüş” medalla təltif olunur, onların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu il də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medala, 151-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500-700 intervalında bal toplayıblar.
Təqdimat mərasimində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin məzunu Zöhrə Kəngərli və Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin məzunu Elvariz Məmmədov “Qızıl” və “Gümüş” medallarla təltif olunan məzunlar adından çıxış edərək yüksək uğur qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir təhsil infrastrukturunun böyük rol oynadığını qeyd edib, yaradılan bu şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məzunlar adından minnətdarlıqlarını bildiriblər.
Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara medalları təqdim edib.
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti