Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 24 avqust-12 sentyabr 2018-ci il tarixlərdə keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş olub. Təhsil Nazirliyində keçirilən tədbiri giriş sözü ilə açan nazir Rəhman Məmmədov gənclərin muxtar respublikamızın ictimai-siyasi həyatındakı mühüm rolundan, onlara göstərilən yüksək dövlət qayğısından danışıb.
Qeyd olunub ki, təhsilin keyfiyyəti gələcək nəsillərə bilik verən müəllimlərin səviyyəsindən də çox asılıdır. Bu gün muxtar respublikada təhsil sahəsində görülən işlərdən biri də müəllim heyətinin seçilməsindəki yenilikdir. Bu yenilik Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq komissiya tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclərin müsabiqə yolu ilə işə qəbuludur.
Vurğulanıb ki, ilkin mərhələdə Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslar üzrə, ümumilikdə, 165 vakant iş yeri müəyyənləşdirilib. 17 iyul 2018-ci il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 528 sənəd təqdim edilib. 24 avqust-12 sentyabr 2018-ci il tarixlərdə keçirilmiş test imtahanlarının nəticələrinə əsasən bu gün 45 müəllim işlə təmin olunur.
Təhsil naziri bildirib ki, stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin 9 nəfərinin yaşayış yeri Naxçıvan şəhəridir. Gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmək istəyi həmin təhsil müəssisəsində yaradılmış yüksək şərait və yaşayış məntəqələrinin günü-gündən müasirləşməsi ilə əlaqədardır. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikamızda həyata keçirdiyi əməli tədbirlərin məntiqi nəticəsidir.
Sonra təhsil naziri gənc müəllimləri pedaqoji fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını arzulayıb.
Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov çıxış edərək ümumtəhsil məktəblərində müəllimlərin əsas vəzifələri barədə məlumat verib.
Gənc müəllimlər adından çıxış edən Sevinc Məmmədova həyata keçirilən uğurlu təhsil siyasəti, fəaliyyətləri üçün yaradılan şəraitə və gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirib.
Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə metodik vəsaitlər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti