Bu gün muxtar respublikamızda gənclərin hərtərəfli, müasir şərait və texniki avadanlıqlarla təchiz olunmuş məktəblərdə təhsil alması onları arzularına, qarşıya qoyduqları məqsədə çatmağa daha da yaxınlaşdırır. Xalqımızın adət-ənənələrinə, milli və ümumbəşəri dəyərlərə dərindən yiyələnir, yüksək mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər kimi yetişirlər. Yaradılan hərtərəfli şərait isə bu gün gənclərin məsuliyyət hissini daha da artırır, onları ölkəmizin inkişafı naminə təhsildə böyük uğurlar qazanmağa sövq edir.
Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşü zamanı Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Dövlətin məqsədi ondan ibarətdir ki, yaradılmış müasir təhsil şəraitindən istifadə edən gənclər düzgün həyat yolu seçsinlər. Çünki yalnız hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər dövlətçiliyimizin və müstəqilliyimizin dayağı ola bilərlər”.
Builki qəbul imtahanlarında yüksək bal toplayan və Prezident təqaüdünə layiq görülən muxtar respublika gənclərindən biri də Zöhrə Kəngərlidir. 2001-ci il iyunun 5-də Naxçıvan şəhərində anadan olan Zöhrə 2007-ci ildə Bakı şəhərində Heydər Əliyev adına Liseyin 1-ci sinfinə qəbul olunur. 2008-ci ilin may ayından Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. 2018-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirir və qəbul imtahanında III ixtisas qrupu üzrə 690 bal toplayaraq tələbə adını qazanır. Hazırda o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisasında təhsilini davam etdirir. Elə buna görə də Zöhrə ilə sosial şəbəkə vasitəsilə həmsöhbət olduq. O bildirdi ki, qəbul imtahanı onun üçün uğurlu keçib. Mənim üçün əsas problem vaxt idi və buna görə çox həyəcanlı idim. Cavab kartımı yoxlayarkən İngilis dili fənnindən iki səhvim çıxdı. 700 bal toplamağı qarşıma məqsəd qoysam da, nəticəmdən razı idim.
Zöhrə məktəbdə təhsil aldığı illərdə çoxsaylı uğurlara imza atıb. Məktəbdə keçirilən sınaq imtahanlarında həmişə 600-dən yuxarı bal toplayıb. X sinifdə təhsil alanda sınaq imtahanında 700 bal yığdığına görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunub. IX-X siniflərdə Azərbaycan Respublikası üzrə keçirilən fənn olimpiadalarında iştirak edib. Azərbaycan dili və ədəbiyyat fənni üzrə keçirilən olimpiadalarda I yer tutaraq qalib olub və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iki dəfə “Qızıl” medalla təltif edilib. XI sinfi bitirən zaman məktəbdə yaxşı oxuduğuna, imtahanlarda göstərdiyi uğurlu nəticələrə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fərqlənmə diplomu və “Qızıl” medalı ilə təltif olunub. Muxtar respublika üzrə keçirilən fənn olimpiadalarında həmişə I yer tutaraq diplom və fəxri fərmanlar alıb.
Hələ ibtidai sinifdə təhsil alarkən gələcək peşəsini müəyyənləşdirib və bu yolda dayanmadan çalışıb. Gecə-gündüz oxumaqla, qəbul imtahanında yüksək nəticə göstərib.
O deyir ki, qarşıdakı hədəflərim isə seçdiyim ixtisas üzrə yaxşı bilik almaq, peşəmi daha dərindən öyrənmək, cəmiyyətimiz üçün faydalı olmaqdır. Düşünürəm ki, əgər insan qarşısına qoyduğu məqsədləri ilk olaraq özü aydın dərk edirsə, bu yol onun üçün həmişə işıqlı olacaq. Bir atalar sözündə deyildiyi kimi, hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz. Hədəflərinə çatmaqda ona həmişə kömək etmiş müəllimlərini minnətdarlıqla xatırlayan Zöhrə vurğulayır ki, bu gün yüksək bal toplamağında onların əməyi, zəhməti əvəzolunmazdır. Elə yanında böyüyüb boya-başa çatdığım, həm də oxuduğum məktəbdə ibtidai sinif müəllimi kimi çalışan nənəm Məsmə Musayeva da mənim formalaşmağımda çox böyük rol oynayıb. Valideynlərim Bakı şəhərində yaşasalar da, onlar da həmişə mənə dəstək olub, uğurlarıma inanıblar.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə keçirilən görüşdə Ali Məclis Sədrinin bizləri təbrik etməsi çox qürurverici idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 12 sentyabr tarixli Sərəncamı ilə Prezident təqaüdü alan 102 nəfər içərisində adımın olması isə məni ikiqat sevindirdi. İnanıram ki, dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı gələcək uğurlarımda çox böyük rol oynayacaq.
Nənəsi Məsmə Musayeva deyir ki, Zöhrə 7 yaşından mənimlə birgə yaşayır. Bu məktəbə onu özüm gətirmişəm. Zöhrənin ibtidai sinif müəllimi Mina Niftəliyeva həmişə mənə deyirdi ki, bu uşağın gözəl gələcəyi olacaq. Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyən müəllimi Nərgiz Vəliyeva isə onun bu fənə marağını daha da artırıb. Zöhrə bu fənn üzrə keçirilən olimpiadalarda iştirak edərək iki dəfə “Qızıl” medala layiq görülüb. İbtidai sinifdən fitri istedadı ilə seçilən Zöhrənin məntiqi təfəkkürünün güclü olması onun çətin məsələlərin öhdəsindən asanlıqla gəlməyinə kömək edib. Mən dövlətin bir intellektli, istedadlı gənc kimi nəvəm üzərindəki qayğısını artıqlaması ilə hiss etmişəm. Zöhrənin təhsildəki uğurlarına və fəallığına görə 40-a qədər diplom və fəxri fərmanı vardır. Ona dövlət tərəfindən kompüter, planşet verilib. Bir neçə intellektual yarışmada həmişə qalib gəlib, iştirak etdiyi komandanın şərəfini qoruyub.
Məktəbin direktoru Günay Novruzova da Zöhrə haqqında təəssüratlarını bizimlə bölüşdü. O bildirdi ki, Zöhrə ibtidai sinifdən çox çalışqan olub. Humanitar fənlərə marağı böyük olsa da, riyaziyyat, kimya və digər fənləri də yaxşı oxuyub. O, təhsil aldığı illərdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, eləcə də məktəbin keçirdiyi tədbirlərdə, bilik, inşa, esse, intellektual yarışmalarda iştirak edib və birinci yer tutaraq hamımızı sevindirib.
Bu gün harada təhsil almasından, fəaliyyət göstərməsindən asılı olmayaraq, doğma dilini qoruyan, azərbaycanlı adını daim uca tutan, torpağına, dövlətinə bağlı, dövlətçiliyinə sadiq, ölkəsinin gələcəyini düşünən gənclər yetişir. Bu da onu göstərir ki, ölkəmizin gələcəyi əmin əllərdə olacaq, doğma Vətənimiz daim inkişaf edəcək.
Güntac ŞAHMƏMMƏDLİ