23 Dekabr 2024, Bazar ertəsi

İnsan övladı dünyaya göz açdığı andan daim irəli getməyə, uğur qazanmağa can atır. Yalnız əzm və cəsarətlə çalışanlara müvəffəqiyyət ­zirvəsində yer tutmaq nəsib olur. Haqqında söhbət açacağımız gənc həmyaşıdları arasında fərqlənməyi, erkən yaşdan uğur qazanmağı bacarıb.

Onun barəsində qısaca məlumat verərək deyim ki, Əliyev Əbdülhüseyn Telman oğlu 2000-ci il noyabrın 22-də Naxçıvan şəhərinin Qaraçuq kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. Atası Telman kişi zəhmətə qatlaşıb, gözünün ağı-qarası iki oğlunu böyüdüb. Həmişə övladlarına deyib ki, bala, siz çalışın oxuyub savadlı, millətinə, Vətəninə layiqli övlad olasınız. Atanın bu sözləri böyük oğlu Əbdülhüseynin yaddaşına daha çox həkk olunub. Beləcə balaca Əbdülhüseyn atasının bu nəsihətindən sonra dərslərə həvəs göstərməyə başlayıb. İllər keçdikcə oxuduğu Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə fəallığı ilə müəllimlərinin diqqətini çəkib. Hələ 5-ci sinifdə təhsil alarkən uğur çırağı nur saçmağa başlayıb. Belə ki, o, sınaq imtahanında yüksək bal topladığı üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüşmək şərəfinə nail olub. Muxtar respublika rəhbərinin ona kompüter hədiyyə etməsi isə Əbdül­hüseyni oxumağa daha da ruhlandırıb. Nəticədə, yuxarı siniflərdə uğurları xeyli çoxalıb. Riyaziyyat fənninə isə elə balaca yaşlarından böyük həvəsi olub. Təsadüfi deyil ki, o, 10-11-ci siniflərdə oxuyarkən riyaziyyat üzrə keçirilən fənn olimpiadalarında uğurla iştirak edərək 2 dəfə muxtar respublika ikincisi, bir dəfə ölkə üçüncüsü adını qazanıb. Ən böyük nəticəni isə 2017-2018-ci tədris ilində keçirilən qəbul imtahanlarında göstərib. Belə ki, II ixtisas qrupu üzrə keçirilən birinci imtahanda 651 balı qənaətbəxş hesab etməyən Əbdülhüseyn ikinci imtahandan 690 bal toplamaqla təkcə valideyn və müəllimlərinin deyil, muxtar respublikanın fəxrinə çevrilib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyat fakültəsinə qəbul olub.

Hər il olduğu kimi, bu il də muxtar respublika rəhbəri yüksək bal toplayan tələbələrlə görüş keçirərək onlara qiymətli hədiyyə və pul mükafatı təqdim edib, tələbələrə təhsillərində uğurlar arzulayıb. Əbdülhüseyn Əliyev də məhz həmin mötəbər tədbirdə iştirak edib. Ötən günlərdə daha bir şad xəbər Əliyevlər ailəsinə hədsiz sevinc bəxş edib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 12 sentyabr tarixli Sərəncamı ilə Əbdülhüseyn Əliyevə Prezident təqaüdü verilib.
Ailəyə bəxş olunan bu böyük sevinci bölüşmək üçün yaşadıqları ünvana üz tutduq. Anası Lətafət xanım bizi qonaq­pərvərliklə qarşılayıb çay süfrəsinə dəvət etdi. Dedi ki, Əbdülhüseyn başımızı ­qohum-əqrəba arasında uca edib. Qohum, qonşu neçə gündür evimizə təbrikə gəlir. Prezident təqaüdünə layiq görüldüyü xəbərini eşidəndən atasının da, mənim də sevincimiz yerə-görə sığmır.
Yaxşı insan sözünün üstünə gələr, – deyiblər. Elə söhbətin bu yerində ailənin başçısı Telman kişi özünü işdən evə yetirdi. Salamlaşıb, hal-əhval tutduqdan sonra dedi ki, yüksək bal toplayıb ali məktəbə qəbul olan uşaqlar barədə söhbət düşəndə düşünərdim ki, kaş bir gün mən də övladımın belə şad xəbərini eşidim. Şükürlər olsun ki, Əbdülhüseyn bu arzumu ürəyimdə qoymadı. Dövlətimizin xeyirxah addımı isə sevincimizi birə-beş artırdı. Ailəmiz adından dövlətimizə minnətdarlıq edirəm.
Artıq ali məktəbdə dərslərə başlayan Əbdülhüseyn Əliyevlə elə burada ikən telefon əlaqəsi saxladıq. Qazandığı uğurun sevincini bizimlə ­bölüşdü:
– Hələ uşaq yaşlarımda atamın zəhmətə qatlaşdığını görəndə özümə söz vermişdim ki, məktəbdə yaxşı oxuyub ona layiqli övlad olacağam. Qarşıma məqsəd qoyub çalışdım. Nəticəsi də göz qabağındadır. İmtahanda uğur qazanmağımda müəllimlərimin əməyini heç vaxt unutmayacağam. Muxtar respublika rəhbəri ilə tələbələrin görüşündə iştirakım həyatımın ən gözəl anı kimi yaddaşıma həkk olundu. Onun biz tələbələr haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr gələcəkdə atacağım addımlarda böyük stimul olacaq. Ötən günlərdə ölkə başçısının Sərəncamı ilə Prezident təqaüdünə layiq görülməyim isə ailəmizin və mənim ikiqat sevincimə səbəb oldu. Dövlətin dəstəyini üzərində hiss etmək insana, həqiqətən də, böyük ruh yüksəkliyi bəxş edir. Belə xoş əhval-ruhiyyə ilə artıq dərslərə başlamışam. İnanıram ki, bundan sonra da uğurlarım çox olacaq.
Kəndə gəlmişkən məktəbə də üz tutduq. Məktəbin direktoru Ülkər Məmmədova dedi ki, 2015-ci ildə təhsil ocağı üçün müasir binanın istifadəyə verilməsindən sonra uğurlarımız daha da çoxalır. Bu il məzunlarımızdan 18-i ölkənin qabaqcıl ali təhsil ocaqlarının tələbəsi adını qazanıb. Əbdülhüseyn isə ən yüksək nəticə qazanmaqla təhsil müəssisəsinin adını daha yüksəklərə qaldırıb. Məktəbin riyaziyyat müəllimi Yaşar Vəliyev də bir müəllim kimi şagirdi ilə fəxarət duyduğunu dedi:
– 40 ildən artıqdır ki, bu şərəfli və məsuliyyətli peşədə çalışıram. Ötən illər ərzində uğur qazanan, ali məktəblərə qəbul olan şagirdlərim çox olub. Əbdülhüseynin də yüksək bal topladığını eşidəndə qürur hissi keçirdim. Onun riyaziyyata hədsiz marağı hələ 9-cu sinifdən məndə bu uşağın gələcəyinin parlaq olacağı fikrini yaratmışdı. Bəzi şagirdlər var ki, hər hansı fənnə marağı olsa da, qarşısına məqsəd qoymur. Nəticədə, uğur da qazana bilmir. Lakin Əbdülhüseyndə bu məqsədi hər zaman hiss etmişəm. O təkcə dərslərini yaxşı oxumaqla deyil, sinif yoldaşları arasında göstərdiyi davranışı ilə də məni heyran qoyub. Düşünürəm ki, onun bundan sonra da uğurları çox olacaq.
Bəli, muxtar respublikamızda təhsil sahəsində aparılan uğurlu siyasət nəticəsində hər il Əbdülhüseyn Əliyev kimi yüzlərlə gəncin yoluna şəfəq saçılır. Əminliklə demək olar ki, gələcək illərdə uğur qazanan məzunlarımızın sayı daha da çox olacaq.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR