15 sentyabr – Bilik Günü muxtar respublikamızın ümumtəhsil, ali və orta ixtisas məktəblərində keçirilən tədbirlərlə qeyd olunub. Ali təhsil ocaqlarında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adına layiq görülən gənclərə tələbə biletləri təqdim edilib, I kurs tələbələri oxuyacaqları ali təhsil müəssisələri ilə tanış olublar.
Naxçıvan şəhəri, Qaraçuq kənd 9 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov şagird və müəllimləri 15 sentyabr – Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək bildiriblər ki, ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısının nəticəsində hər il ali məktəblərə qəbulda yüksək bal toplayanların sayı artır. Yaradılan şərait daha böyük uğurlar qazanmağa imkan verir. Növbəti dərs ilində də bu şəraitdən səmərəli istifadə ediləcək, daha böyük nailiyyətlər qazanılacaq.
Qeyd edək ki, Bilik Günü münasibətilə muxtar respublikanın bütün rayonlarının təhsil müəssisələrində də tədbirlər keçirilib.
Xəbərlər şöbəsi