Sentyabrın 10-da “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq geniş məruzə edib, təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi üçün yeni binalar tikilib və ya mövcud binalar əsaslı şəkildə yenidən qurulub. Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də tikinti-quruculuq işlərinin önündə təhsil quruculuğu dayanıb. Belə ki, 2018-ci ilin birinci yarımili ərzində 904 şagird yerlik 3 ümumtəhsil məktəbi və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda da bu sahədə işlər davam etdirilir.
Təhsilə dövlət qayğısı təkcə məktəb tikintisi ilə yekunlaşmamış, muxtar respublikada pedaqoji kadr hazırlığındakı təkmilləşmələr, fənn kurikulumları və təhsil standartlarının tətbiqi, informasiya-kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçilməsi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Nazir qeyd edib ki, bu il ali və orta ixtisas təhsili müəssisələrinə 2627 məzun sənəd verib, onlardan 2023-ü, yaxud 77 faizi tələbə adını qazanıb.
2017-2018-ci tədris ilində məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medallara, 151-i isə fərqlənmə attestatına layiq görülüb.
Rəhman Məmmədov ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirib ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.
“Müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından, xüsusən də elektron lövhələrdən istifadəsi də tələb olunan səviyyədə deyil. Öz üzərində işləməyən, dərs üçün əlavə materiallar axtarmayan, ümumiyyətlə, dərsə hazırlıqsız gələn müəllimlər hələ də mövcuddur. Təhsil müəssisələrində ixtisaslı fənn müəllimləri olduğu halda dərslərin qeyri-ixtisas fənn müəllimləri tərəfindən tədris edilməsi hallarına da yol verilib ki, bu da tədrisin səviyyəsini aşağı salıb”, – deyən nazir bildirib ki, 2018-2019-cu tədris ili təhsildə ciddi dönüş ili olmalı, mövcud nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır. Dərs bölgüsünün aparılması zamanı varislik prinsipi gözlənilməli, tədris ili ərzində məktəb rəhbərləri tərəfindən tələb olunan sayda dərs dinləmələri aparılmalı, açıq və nümunəvi dərslər, müzakirələr təşkil edilməli, müəllimlərə metodik köməklik göstərilməli, sinif komplektləri mövcud qanunvericiliyə uyğun olaraq formalaşdırılmalıdır. Dərslərdə əyani vəsaitlərdən, elektron lövhə, kompüter və laboratoriyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Gənc müəllimlərlə aparılan işin keyfiyyəti artırılmalı, metodik kabinetlərin fəaliyyəti gücləndirilməli, şagirdlərin məktəbəhazırlıq qruplarına və I siniflərə qəbulu zamanı mövcud qaydalara əməl edilməli, kargüzarlıq təlimata uyğun aparılmalıdır.
Yeni tədris ilində “Ümumtəhsil müəssisələrinin informasiya sistemi” və “Şagird-məzun sistemi”ndəki məlumatlar vaxtında və düzgün işlənməli, təhsil müəssisələrinə verilmiş bədii ədəbiyyatlardan istifadə, şagirdlər arasında oxunması zəruri olan kitabların mütaliə və müzakirələri təşkil olunmalıdır. Bununla yanaşı, məktəbdənkənar müəssisələrdə əmək intizamının tələblərinə və müəssisədaxili nizam-intizam qaydalarına ciddi əməl edilməli, dərnəklərə uşaqların, o cümlədən sağlamlıq inkanları məhdud uşaqların cəlbi diqqətdə saxlanılmalıdır.
Bütün təhsil müəssisələrində inventarizasiyanın aparılmasına, bina və avadanlıqların, o cümlədən yaradılmış yaşıllıqların qorunmasına nəzarət artırılmalıdır.
Məruzə ətrafında müzakirələrdə Şərur və Ordubad Rayon Təhsil şöbələrinin müdirləri Tuncay Cəfərov və Samir Zeynalovun, Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədovun, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun, Şərur Texniki Peşə və Sürücülük Məktəbinin direktoru Vəfadar Ələkbərovun və Turizm-Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayevin çıxışları dinlənilib.
Sonda konfransın qətnaməsi qəbul edilib.
Konfransa yekun vuran nazir cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu bir daha vurğulayıb və yeni dərs ilində bütün təhsil işçilərinə və şagirdlərə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti