Muxtar respublikamızda gələcəyimiz olan uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar daim dövlətimizin diqqət və qayğısı əhatəsindədirlər. Onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, xüsusi istedada malik olanların aşkara çıxarılması, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gənc kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd olunan tədbirlərin davamı olaraq 15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə aztəminatlı,valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib. Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Rəhman Məmmədov açaraq dövlətimizin xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almalarına göstərdiyi qayğıdan bəhs edib və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara yaradılan şəraitdən söhbət açıb və şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək onlara təhsildə müvəffəqiyyətlər arzulayıblar.
Tədbirdə iştirak edən valideyn Fatma Məmmədova göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.
Sonra aztəminatlı, valideynlərini itirmiş məktəbli uşaqlara və sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim edilib.
Qeyd edək ki, Təhsil Nazirliyi hər iki valideynini itirmiş 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud 275, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələr üzrə 70 olmaqla, ümumilikdə, 389 uşağı təhsil sovqatı ilə sevindirib.
Həmin gün muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib.
Nail ƏSGƏROV