“Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni tədris ilinin başlanması ilə əlaqədar tələbələr üçün növbəti təqaüd proqramına start verib. Bununla bağlı Naxçıvan Dövlət Universitetində təşkil olunan görüşdə şirkətin İnsan resursları departamentinin nümayəndələri proqramın mahiyyətini və ondan bəhrələnməyin yollarını izah ediblər.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Təqaüd proqramı haqqında ətraflı məlumat verən “Azercell”in əməkdaşları bildiriblər ki, bu proqramı həyata keçirməkdə əsas məqsəd təhsildə müvəffəqiyyət əldə edən yüksək potensiallı tələbələrə qayğı göstərmək, onların gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmasına dəstək verməkdən ibarətdir.
Vurğulanıb ki, proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən 200 manat məbləğində aylıq təqaüd alacaq. Eyni zamanda gənclər proqram çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qoşulmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edə biləcəklər.
Qeyd edilib ki, 2008-ci ildən bu günə kimi ölkəmizin müxtəlif universitetlərində təhsil alan 156-dan çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb. Tələbə təqaüdü proqramı 3 istiqamətdə həyata keçirilir. Müsabiqəyə müraciət etmək üçün tələbələr şirkətin rəsmi internet səhifəsinə (www.azercell.jobs) daxil olub qeydiyyatdan keçməlidirlər. Ərizələr bir ay müddətində yalnız onlayn formada qəbul edilir. Təqaüd proqramının sonunda isə tələbələrə sertifikatlar veriləcək.
Sonda tələbələrin sualları cavablandırılıb, fəal tələbələrə “Azercell”in əməkdaşları tərəfindən hədiyyələr verilib. Tədbirdə təqaüd proqramına qoşulmaq qaydalarını əks etdirən videoçarx nümayiş etdirilib.
Badəm MƏMMƏDOVA