AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilən növbəti interaktiv açıq dərsdə əsrlərdən bəri yaşadılan və yüksək dövlət qayğısı ilə əhatə olunan islami dəyərlər, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası və təbliği sahəsində aparılan işlər haqqında şagirdlərə ətraflı məlumat verilib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin apardığı dərsdə bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub.
Şagirdlərin diqqətinə çatdırılıb ki, bəşər sivilizasiyasının ən qədim mərkəzlərindən biri olan, qaynaqlarda Naksuana, Nəxcuan, Nəşəva, Nəşəvi və sair adlarla xatırlanan Naxçıvan şəhəri bütün dövrlərdə, xüsusilə İslamın intibah dövründə həmişə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, Azərbaycan Atabəyləri, Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə ölkənin inkişaf etmiş şəhərləri ilə bir sırada dayanıb. Naxçıvan Muxtar Respublikası, həmçinin onun paytaxtında bir sıra möhtəşəm memarlıq abidələri – türbələr, buzxanalar, körpülər, məscidlər, mədrəsələr və digərləri zəmanəmizədək gəlib çatıb. Əsası çox qədim zamanlara söykənən Naxçıvan mədəniyyəti orta əsrlərdə, xüsusilə müsəlman intibahı dövründə daha da inkişaf edib, burada Azərbaycan memarlığının ən möhtəşəm qollarından biri olan Naxçıvan məktəbi yaranıb, bu məktəb memarlıq tariximizə Əcəmi Əbubəkr oğlu Naxçıvani kimi görkəmli memar bəxş edib. Onun Naxçıvan şəhərində ucaltdığı Möminə xatın, Yusif Küseyir oğlu türbələri, Qoşa minarəli baştağ, Came məscidi Azərbaycan memarlığının möhtəşəm nümunələri olmaqla yanaşı, həm də İslam mədəniyyətinin çox gözəl örnəkləridir.