Naxçıvan Dövlət Universitetində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ana dilinin hər bir xalqın həyatındakı müstəsna rolundan bəhs edib. Qeyd edilib ki, ölkəmizdə Ana dilimizin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması mahir natiq, ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Dilimizə dövlət qayğısı haqqında məruzəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova bildirib ki, əsası ümummilli lider tərəfindən qoyulmuş dil siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Tədbirdə “Azərbaycan bədii dilinin inkişafı haqqında (Eldar Baxışın yaradıcılığı üzrə)” filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənovanın, “Öz dilimdir, şirin dil” mövzusunda filologiya üzrə fəlsəfə doktoru Arzu Abbasovanın da məruzələri dinlənilib.
Sonra mövzu ətrafında diskussiyalar aparılıb. Məlumat verilib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd edilir. Sonda tələbələr ana dilinə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Səadət ƏLİYEVA