20 Yanvar faciəsi hər il Şərur Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil müəssisələrində keçirilən bir sıra tədbirlərlə yad edilir. Belə tədbirlərdən biri də inşa yazı müsabiqəsidir.
Bu il də rayonun 56 ümumtəhsil məktəbi şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə “Torpaq uğrunda ölən varsa, Vətəndir” adlı inşa yazı müsabiqəsinin rayon mərhələsi keçirilib.
İnşa yazı müsabiqəsində Zeyvə, Yengicə, Aralıq və Qarxun kənd tam orta məktəblərinin şagirdləri fəallıqları ilə seçiliblər. Müsabiqənin rayon turunda Zeyvə kənd tam orta məktəbinin XI sinif şagirdi Lalabəyim Seyidova birinci yerə layiq görülərək muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
* * *
Sədərək Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi “Torpaq uğrunda ölən varsa, Vətəndir” adlı inşa yazı müsabiqəsinə də yekun vurulub.
Sədərək rayon ümumtəhsil müəssisələri şagirdlərinin vətənpərvərlik və dövlətçilik hisslərinin yüksəldilməsi məqsədilə keçirilən müsabiqədə 50-yə yaxın şagirdin yazı işi münsiflər heyətinə təqdim olunub. Münsiflər heyətinin yekun qərarına əsasən müsabiqədə Sədərək kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ülkər Əliyeva qalib adını qazanıb. Sədərək kənd 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Nurşən Məmişova ikinci, Heydərabad qəsəbə tam orta məktəbinin X sinif şagirdi Şəhla Rzalı isə üçüncü yerə layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV