Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanan “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı çap olunub.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap edilən atlasın müəllifləri akademik İsmayıl Hacıyev (məsul redaktor), AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qadir Qədirzadə, Vəli Baxşəliyev, tərtibçiləri filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayev, Asəf Orucov, Əkrəm Hüseynzadə, Rəşad Zülfüqarov, Nazim Bababəyli, Cəfər Əliyev və Fəxrəddin Eylazovdur.
Azərbaycan, ingilis və rus dillərində 460 səhifədən ibarət olan atlasa 51 tarixi-coğrafi söz, 239 ifadə və deyimi özündə əks etdirən xəritələr daxil edilib. Fundamental nəşrdə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığı sistemli olaraq araşdırılıb. Atlas üzərində iş aparılarkən daha çox etnoqrafik məsələlərə diqqət yetirilib. Belə ki, oğuzların təsərrüfat həyatı, maddi-mədəniyyəti və bunların Naxçıvanda izləri, dastanda işlədilən geyim və bəzək adları, onların yemək və içki növləri, dastanda adıçəkilən sənətlər, əkinçilik və maldarlıq sahələri, idarəçilik sistemi, ailənin idarəolunması, dini inanclar öz əksini tapıb.
Akademik İsmayıl Hacıyevin atlasda yer alan “Kitabi-Dədə Qorqud” dastanı, onun Naxçıvanla bağlılığı” adlı irihəcmli məqaləsində ümummilli lider Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, amma onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir” sözləri xatırlanaraq qeyd olunur ki, ulu öndər dastanların dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında” 1997-ci il 20 aprel tarixdə Fərman imzalayıb. Məqalədə ölkə Prezidenti İlham Əliyevin imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il 20 fevral tarixli Sərəncamın da əhəmiyyətindən bəhs olunur. Diqqətə çatdırılır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində “Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumun keçirilməsi, professor Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının yenidən nəşr olunması, “Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filminin çəkilməsi, bu mövzuda açıq dərslərin, dəyirmi masaların, kütləvi informasiya vasitələrində verilişlərin və qəzet materiallarının hazırlanması təşkil edilib.
Akademik İsmayıl Hacıyev “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığından bəhs edərək burada baş verən hadisələrin, bir sıra boylarda adıçəkilən Qaraçuq, Əlincə qalası, Dərəşam, Şərur (Şəruk) kimi coğrafi adların Naxçıvan ərazisində olduğunu bildirir. Qeyd olunur ki, Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı yer-yurd adlarının qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu təsdiqləyir.
Göstərilir ki, Naxçıvan diyarı “Kitabi-Dədə Qorqud” dastanında baş vermiş hadisələrin coğrafiyasında mühüm rol oynamış, dastandakı etnoqrafik materialların böyük əksəriyyəti Naxçıvan ərazisində yaşayan Azərbaycan türklərinin məişətində, mədəniyyətində, təsərrüfat həyatında, dini inanclarında, deyim tərzlərində və başqa sahələrdə işlədilən etnoqrafik materiallarla üst-üstə düşür.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi