Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi fəaliyyət göstərdiyi dövrdə zəngin təcrübə qazanmış, bir çox uğurlara imza atmış məktəblərdən biridir. 1990-cı ildən Bülbül adına uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə məktəb ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafında rolu, Azərbaycan xalq mahnılarının və folklorunun toplanması və tədqiqi sahəsində xidmətləri olan Ərtoğrol Cavidin adını daşıyır.
Təhsil müəssisəsi üçün yeni bina inşa olunub və 2013-cü il yanvarın 24-də istifadəyə verilib. Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev Ali Məclis Sədrinin açılış mərasimində müəllimlərlə görüşü zamanı dediyi sözləri xatırladaraq bildirdi ki, muxtar respublika rəhbərinin tapşırıq və tövsiyələri pedaqoji kollektivin iş prinsipinə çevrilib: “Azərbaycan milli musiqisi zəngin bir xəzinədir. Bu xəzinəni qoruyub gələcək nəsillərə çatdırmaq bu gün ən ümdə vəzifələr sırasındadır. Hazırda muxtar respublikamızın musiqi məktəblərində təhsil alan şagirdlər milli musiqimizin yaşadılması və gələcək inkişafının təminatçılarıdır. Ona görə də şagirdlərə musiqi sahəsində yüksək təhsil verilməli, Azərbaycan xalq musiqisi uşaqlara yüksək səviyyədə öyrədilməli, onların istedadının üzə çıxarılması və inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir”.
340 şagird yerlik ikimərtəbəli binada musiqi və sənətkarlıq dərslərinin hərtərəfli tədrisi üçün lazımi şərait var. Müasir avadanlıqlarla təchiz olunan sinif otaqları, kitabxana və konsert zalı müəllim və şagirdlərin istifadəsinə verilib. Ərtoğrol Cavidə həsr olunan fotoguşənin yaradılması isə mədəni irsimizə verilən önəmin ifadəsidir.
Müsahibim onu da bildirdi ki, məktəbdə xalq çalğı alətləri, fortepiano, simli alətlər, rəsm və nəzəri fənlər şöbələri fəaliyyət göstərir. Həmin şöbələrdə tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, fleyta, rəsm, qanun və xanəndəlik ixtisasları öyrədilir.
Məktəbin kitabxanasında 700-ə yaxın tədris vəsaiti toplanıb. Müəllim və şagirdlər burada Azərbaycan, eləcə də dünya musiqi nəzəriyyəçilərinin, görkəmli bəstəkarların əsərlərindən ibarət kitablardan istifadə edirlər.
Rəssamlıq şöbəsində xüsusi istedada və əl qabiliyyətinə malik olan şagirdlər təhsil alırlar. Dərslərin peşəkar müəllimlər tərəfindən tədrisi şagirdlərin keçirilən müsabiqələrdə uğurlar qazanmasına imkan verib.
Öyrəndik ki, məktəbdə görkəmli sənətkarlarla tez-tez görüşlər təşkil edilir. Bu da şagirdlərin dünyagörüşünün artmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir edən amillərdən biridir. Ötən illərdə Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi Tofiq Bakıxanovla keçirilən görüşlər müəllim və şagirdlərə xoş əhval-ruhiyyə bəxş edib. Həmin görüşlərdə görkəmli bəstəkarın əsərləri müəllim və şagirdlər tərəfindən ifa olunub. Həmçinin Azərbaycan Respublikasının Xalq artistləri Ramiz Quliyev, mərhum Ramiz Zöhrabov və Əməkdar artistlər Zakir Mirzəyev, Nuriyyə Hüseynova ilə təşkil edilən görüşlər də yaddaqalan olub.
Məktəbdə 336 şagirdin musiqi təhsili ilə 70 müəllim məşğul olur. Müəllimlər uşaqların istedad və bacarıqlarının üzə çıxarılmasına, düzgün istiqamətləndirilməsinə qayğı ilə yanaşırlar. Şagirdlərin müxtəlif festivallarda, məktəbin hesabat və ənənəvi bayram konsertlərində müvəffəqiyyətli çıxışları müəllimlərin çəkdikləri zəhmətin hədər getmədiyindən soraq verir. 2009-cu ildə bu təhsil müəssisəsi musiqi məktəbləri arasında keçirilən “İlin məktəbi” müsabiqəsinin qalibi olub. Ali və orta ixtisas musiqi təhsili verən məktəblərə qəbul imtahanlarında qazanılan uğurlu nəticələr də məktəbdə tədrisin yüksək səviyyədə qurulmasının göstəricisidir. Belə ki, ötən dərs ilində məktəbi bitirən 13 məzun imtahanlarda yüksək nəticə göstərərək tələbə adını qazanıb.
Məktəbin müəllimlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Məmmədəli Babayev və Əməkdar müəllim Nərminə Qədimova ilə söhbət zamanı dedilər ki, pedaqoji kollektivimizin əsas məqsədi tədrisin keyfiyyətini yüksəltmək və istedadlı gənclər yetişdirməkdir. Bunun üçün müasir iş üsullarından istifadə edir, işimizə məsuliyyət hissi ilə yanaşırıq. Uğurların qazanılmasında dövlətimiz tərəfindən yaradılan şəraitin təsiri böyükdür, çəkdiyimiz zəhmət də bəhrəsini verir.
Müəllimin əməyi onun hazırladığı şagirdlərin səviyyəsinə görə qiymətləndirilir. İstedadlı şagird isə müəllimin fəxridir. Bu baxımdan da müəllimlərin ağır zəhmətinin bəhrəsi kimi onların yetirmələrinin əldə etdiyi nailiyyətləri qeyd etmək lazımdır. Onlardan Ülvi Əhmədov, Sevinc Babayeva, Sevindik Rzayev, Elvin Novruzov, Mehman Tağıyev və başqaları ölkə və muxtar respublika səviyyəli konsertlərdə, müsabiqələrdə uğurla çıxış edirlər.
Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin pedaqoji kollektivi qazandıqları nailiyyətləri son hədd saymır, daha yüksək uğurlar əldə etmək üçün əzmlə çalışır. Bu da belə deməyə əsas verir ki, qarşıdakı illərdə məktəbin uğurları daha da çox olacaq.
Nail ƏSGƏROV