23 Dekabr 2024, Bazar ertəsi

    Doğma diyarımızın füsunkar təbiətini yaşatmaq istiqamətində görülən tədbirlərdə yeniyetmə və gənclər xüsusi fəallıqları ilə seçilirlər. Bu da təsadüfi deyildir. Çünki bu gün onlara məktəbdə oxuduğu müddətdə təbiətə məhəbbət, ona qayğıkeşliklə yanaşma hissləri aşılanır. Bu baxımdan ekoloji tərbiyə istiqamətində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin rolu böyükdür. 

Bəs bu qəbildən olan dərnəklərdə fəaliyyət necə qurulub? Uşaqlar həmin dərnəklərdən nələri özləri üçün ehtiva edirlər? Bu və ya digər suallara cavab tapmaq üçün muxtar respublika Ekoloji Tərbiyə Mərkəzinə üz tutduq. İlk olaraq “Təbiət və insan” dərnəyinin rəhbəri Könül Qəhrəmanova ilə həmsöhbət olduq. O dedi ki, təbiət qoynunda təşkil olunan açıq məşğələlər ekoloji tədrisin maraqlı və məzmunlu olmasına, şagirdlərin biliklərə əyani surətdə yiyələnməsinə xidmət edir. Hər ekskursiyadan öncə iştirakçılara təhlükəsizlik və davranış qaydaları barədə məlumat verilir.
Dərnək üzvü Fərman Hətəmov burada öyrəndikləri haqqında dedi:

– Balaca vaxtlarımda həmyaşıdlarımla təbiət qoynunda müxtəlif oyunlar oynayardıq. Bəzən yenicə boy atmış ağac budaqlarını, cücərən bitkiləri qoparıb oynadardım. Çünki təbiətin nə qədər dəyərli olduğu haqqında düşüncəm yox idi. Bir çox hallarda böyüklərdən tənə eşitsəm də, qulaqardına vururdum. İllər keçdi, mən də digər həmyaşıdlarım kimi böyüdüm, məktəbə daxil oldum. Burada keçdiyimiz dərslərdə müəllimlərimiz bizə təbiətə, ətraf aləmə necə münasibət göstərməli olduğumuzu başa saldılar. Sonra Ekoloji Tərbiyə Mərkəzinin məktəbimizdə təşkil etdiyi dərnəklərə qatıldım. Mən bizi əhatə edən mühit barəsində çox şey öyrəndim, ekskursiyalar vasitəsilə Naxçıvanın bir çox təbiət mənzərələri ilə tanış oldum. Bu ekskursiyalarda dərnək rəhbərləri bizə təbiəti qorumağın əhəmiyyətini aşıladılar. Həmin dərnəklərdə iştirak etməyim ilk olaraq mənə təbiəti sevdirdi. İndi yaxşı bilirəm ki, hər bir ağacı, hər bir çiçəyi qorumaq lazımdır.
Digər bir təbiətsevər gəncin də fikirləri maraqlı oldu. Həmsöhbətim Ülviyyə Məmmədli onda təbiətə isti münasibətin valideynləri tərəfindən aşılandığını bildirdi: “Şəhərimiz dünyanın müxtəlif guşələrindən gətirilən ağaclarla bəzədilib. Həmin ağaclar arasında yerli meyvə ağacları da boy göstərir. Ancaq yaz-yay aylarında bəzən məktəblilər tərəfindən barverən ağaclara ciddi ziyan vurulur. Mən də bir məktəbliyəm. Ancaq bəzi həmyaşıdlarımın etdikləri üçün təəssüf hissi keçirirəm. Yaxşı başa düşürəm ki, bizi yaşadan, sağlamlığımızın keşiyində duran məhz təbiətdir. Ona görə təbiətin bizlərə bəxş etdiyi əsrarəngiz gözəllikləri qorumalı, onun məhvinə imkan verməməliyik”.
Mərkəzin dərnək üzvlərindən Həcər Bağırova da düşüncələrini bizimlə paylaşdı. O dedi ki, Naxçıvan təbiəti çox zəngindir. Dərnək rəhbərləri ilə təbiət qoynuna səyahətimiz maraqlı anlarla yadda qalır. Ötən ilin yay günlərində valideynlərimlə birlikdə Şahbuzun səfalı bir məkanına getmişdim. Çay kənarında insanların təbiətə biganə münasibətinin şahidi oldum, daha doğrusu, bundan zərər çəkdim. Orada bizdən öncə gələn insanlar içdikləri meyvə şirəsinin şüşəsini daşa vurub qırmış, qırıqlar çayın sahilinə səpələnmişdi. Təbii ki, belə bir hadisə ağlıma gəlmədiyindən şüşə qırıqları ayağıma batdı. İnsanların bu cür hərəkətlərinə nə ad vermək olar? Belə hallarla çox qarşılaşdığını deyən dərnək rəhbərimiz bizimlə maarifləndirici söhbətlər edir, sağlam yaşayışımızın təbiətdən asılı olduğunu başa salır. Düşünürəm ki, hər birimiz bu məsələdə həssaslıq göstərməli, yaradılan imkanlardan düzgün istifadə ­etməliyik.
Nigar Quliyeva da dərnəklər vasitəsilə çox biliklərə sahib olub. Dediklərindən belə qənaətə gəlmək olar ki, o da təbiət vurğunudur: “Həyatı başa düşəndən təbiətin sirli-soraqlı böyük bir aləm olduğunu yəqin etmişəm. Təbiət öz ahəngi, öz nizamı ilə məni heyran edir. Bəzən saatlarla əyləşib bu nizamın sirləri barədə düşünməkdən yorulmuram. Təbiət elmləri ilə məşğul olan alimlərlə də maraqlanır, etdikləri yeniliklər barədə kitablar oxuyuram. Bu mənada, Azərbaycan elminə böyük töhfələr verən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, professor Həsən Əliyevin həyatı ilə maraqlanır, kitablarını oxuyur, özüm üçün nəticə çıxarmağa çalışıram. Elə dərnəklərimizdə də görkəmli alim haqqında çox məlumat öyrənmişəm. Gələcəkdə mən də ömrümü təbiətə həsr eləyib onun gözəlliklərini, yaradılanları düşüncəli surətdə dərk etmək istəyirəm. Bu sahədə ilkin biliklərə məşğələlər zamanı sahiblənmişəm. Ancaq qarşıda hələ öyrənməli çox məqamlar var”.
Təbiətsevərlərlə etdiyimiz söhbətlər belə deməyə əsas verir ki, bu günün uşaq və yeniyetmələri təbiəti çox sevir. Bu da gələcək nəslin sağlam böyüyəcəyinə ümid verir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR