AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün keçilən növbəti interaktiv açıq dərsdə əsrlərdən bəri yaşadılan və yüksək dövlət qayğısı ilə əhatə olunan islami dəyərlər, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası və təbliği sahəsində aparılan işlər haqqında şagirdlərə ətraflı məlumat verilib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin apardığı dərsdə bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub.
Şagirdlərin diqqətinə çatdırılıb ki, bəşər sivilizasiyasının ən qədim mərkəzlərindən biri olan, qaynaqlarda Naksuana, Nəxcuan, Nəşəva, Nəşəvi və sair adlarla xatırlanan Naxçıvan şəhəri bütün dövrlərdə, xüsusilə İslamın intibah dövründə həmişə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, Azərbaycan Atabəyləri, Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə ölkənin inkişaf etmiş şəhərləri ilə bir sırada dayanıb. Naxçıvan Muxtar Respublikası, həmçinin onun paytaxtında bir sıra möhtəşəm memarlıq abidələri – türbələr, buzxanalar, körpülər, məscidlər, mədrəsələr və digərləri zəmanəmizədək gəlib çatıb. Əsası çox qədim zamanlara söykənən Naxçıvan mədəniyyəti orta əsrlərdə, xüsusilə müsəlman intibahı dövründə daha da inkişaf edib, burada Azərbaycan memarlığının ən möhtəşəm qollarından biri olan Naxçıvan məktəbi yaranıb, bu məktəb memarlıq tariximizə Əcəmi Əbubəkr oğlu Naxçıvani kimi görkəmli memar bəxş edib. Onun Naxçıvan şəhərində ucaltdığı Möminə xatın, Yusif Küseyir oğlu türbələri, Qoşa minarəli baştağ, Came məscidi Azərbaycan memarlığının möhtəşəm nümunələri olmaqla yanaşı, həm də İslam mədəniyyətinin çox gözəl örnəkləridir.
Fəxrəddin Səfərli bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqımızın mədəni irsinə münasibət tamamilə dəyişib. Beləliklə, qədim memarlıq nümunələri, geniş mənada, ümumislam mədəniyyətinə aid olan bütün abidələr böyük dövlət qayğısı ilə əhatə edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə bu tədbirlər çox yüksək səviyyədə həyata keçirilir. Qeyd etmək lazımdır ki, təkcə Naxçıvan şəhərində Möminə xatın türbəsi, İmamzadə kompleksi, Miryaqub xanəgahı, Buzxana, Xan sarayı, Xan sarayının yardımçı binası, Came və Pirqəmiş məscidləri, Zaviyə-mədrəsə kompleksi bərpa olunub, Kazım Qarabəkir Paşa və Həzrəti Zəhra məscidləri tikilib əhalinin istifadəsinə verilib. İndiyədək muxtar respublika ərazisində 70-ə yaxın müxtəlif təyinatlı tarix və mədəniyyət abidəsi orijinallığı saxlanılmaqla yüksək səviyyədə bərpa olunaraq xalqa qaytarılıb.
Alim bildirib ki, təkcə 2016-cı ildə Azərbaycan xalqının məğlubedilməzlik rəmzi olan Culfa rayonundakı Əlincəqalada, XII əsr Azərbaycan memarlığının təkrarolunmaz nümunələrindən sayılan Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadədə bərpa işləri başa çatdırılıb, Babək rayonunun Nehrəm kəndində isə möhtəşəm məscid inşa edilərək əhalinin istifadəsinə verilib. Hazırda Kəngərli rayonunun Qarabağlar kəndində XII-XIV yüzilliklərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndindəki hamamda, Naxçıvan şəhər və Nehrəm kənd İmamzadə komplekslərində bərpa işləri aparılmaqdadır.
Bütün bunlarla yanaşı, son illərdə Naxçıvanda müasir infrastruktur, şəhərə gələn qonaqların yerləşdirilməsini, istirahətini, gəzintisini, ekskursiyalarını təşkil etmək üçün yaradılan şərait də Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsində başlıca amil rolunu oynayıb. Belə ki, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2004-cü il dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransında təsdiqlənmiş “İslam mədəniyyətinin paytaxtları” proqramına əsasən hər hansı bir şəhərin İslam mədəniyyətinin paytaxtı elan olunması üçün həmin şəhər bir sıra keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən qurumlara malik olmalıdır. Müasir Naxçıvan şəhəri isə bütün bu tələblərə cavab verir.
Dərsdə vurğulanıb ki, Naxçıvan şəhərində, bütövlükdə, muxtar respublikada iyirmi ildən bəri aparılan məqsədyönlü siyasət, xüsusilə genişmiqyaslı abadlıq və quruculuq işləri, milli və dini dəyərlərə hörmət və ehtiram, yüksək dövlət qayğısı ilə onların qorunması, inkişaf etdirilməsi, Azərbaycan, eyni zamanda İslam mədəniyyətinə mənsub abidələrin bərpası, qorunub saxlanması, bu işlərin yüksək səviyyədə təbliği, beynəlxalq ictimaiyyətə çatdırılması xüsusi rol oynayıb. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi Naxçıvan şəhərinin islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədardır.
Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi