Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Yazıçılar Birliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik mövzusunda şeir müsabiqəsi keçirilib.
Müsabiqə iki mərhələdə olub: rayon, şəhər, muxtar respublika mərhələlərində. Sonda münsiflər heyətinin qərarına əsasən Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Qızbəsti Quliyeva qalib adını qazanıb. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin şagirdi Anar Mikayılov ikinci, Naxçıvan Qızlar Liseyinin şagirdi Nuray İsmayılova, Şərur rayon Axaməd kənd tam orta məktəbinin şagirdi Ramilə İsmayılova və Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin şagirdi Fatimə Hüseynli üçüncü yerlərə layiq görülüblər.
Müsabiqənin digər iştirakçıları isə həvəsləndirici yerlərlə mükafatlandırılıblar.
Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Torpaq uğrunda ölən varsa, Vətəndir” adlı inşa yazı müsabiqəsinin muxtar respublika mərhələsinin qalibləri də mükafatlandırılıb.
Qaliblərə diplom, fəxri fərmanlar, oxunması zəruri olan kitablar təqdim olunub.
Ceyhun MƏMMƏDOV