Gənclər Mərkəzində Naxçıvan şəhərinin 2018-ci ildə Azərbaycanın Gənclər Paytaxtı seçilməsi və 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan qız tələbələr arasında “Nuh yurdu” intellektual oyunu keçirilib.
Oyunun keçirilməsinin məqsədi gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Oyunda muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin qızlardan ibarət komandaları iştirak edib. Oyun 2 yarımfinal və final mərhələsindən ibarət olub. Hər mərhələdə ən yüksək xal toplayaraq birinci və ikinci yerlərə çıxmış komandalar finala vəsiqə qazanıblar. Belə ki, “Savalan”, “Zirvə”, “Vətən” və “Qarabağ” komandaları finalda mübarizə aparıblar.
Sonda Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası birinci, “Naxçıvan” Universitetinin “Vətən” komandası ikinci, Naxçıvan Tibb Kollecinin “Qarabağ” komandası isə üçüncü olub. Qalib gələn komandalara, eyni zamanda bütün digər iştirakçılara gül dəstələri, diplom, fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim edilib.
İntellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Ceyhun MƏMMƏDOV